Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin sədri (DANİB) Elməddin Behbud uzun illərin zəhmətinin bəhrəsi olan "Mücahid ömrü" kitabının nəşrini ictimaiyyətlə bölüşüb. Elməddin Behbud bildirib:
"Bugünkü sevincimi sizinlə də bölüşmək istəyirəm. İyirmi ilə qədər müddəti əhatə edən arzunun, axtarışın, zəhmətin maddiləşmiş formasını - kitabı əlinə götürmək insanı içdən fərəhləndirir. Müstəsna mübarizliyi, zəkası, istedadı və xalqımızın azadlığı uğrundakı fəaliyyəti ilə bağlı çəkdiyi cəfalara görə XX əsr Azərbaycan siyasi tarixinin ən önəmli simalarından birinə çevrilən Azərbaycan Cümhuriyyətinin Zəngəzurdan seçilən millət vəkili, yazıçı, jurnalist Məhəmmədsadıq Aran barədə "Mücahid ömrü" kitabım nəhayət ki, işıq üzü gördü. Bu, Məhəmmədsadıq Axundzadə Aran barədə ölkəmizdə çap olunan ilk kitabdır."
Qeyd edək ki, kitabda Məhəmmədsadıq Aranın XX əsr Azərbaycan siyasi tarixinə, xüsusilə də milli mübarizəyə verdiyi töhfələr, eləcə də onun yazıçı və jurnalist kimi fəaliyyətinə dair ətraflı məlumat yer alıb. Elməddin Behbudun bu əsəri tarixi şəxsiyyətimizin tanıdılması istiqamətində əhəmiyyətli töhfə olacaqdır.
Pərvanə Fərhadqızı












