Bu günkü müsahibəmizdə “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin sədri Cəmilə Çiçək ilə söhbət edəcəyik. Müsahibə çərçivəsində, onun rəhbərlik etdiyi təşkilatın fəaliyyətləri, qarşılaşdıqları çətinliklər və gələcək hədəfləri barədə ətraflı məlumat alacağıq.

 

QHT.az: Cəmilə xanım, ictimai-mədəni sahələrdə fəallığıyla seçilən intellektual xanımlarımızdan, ictimai fəallardan sayılırsız. Rəhbərlik etdiyiniz təşkilat bu sahələrdə hansı konkret addımları atır. İndiyə qədər hansı layihələri həyata keçirmisiz?

Cəmilə Çiçək: "Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin rəhbəri olaraq, 2016-cı ildən etibarən ölkəmizin milli-mənəvi dəyərlərinin təbliği və inkişafına böyük diqqət ayırmışıq. Təşkilatımızda ziyalılar, alimlər, psixoloqlar, pedaqoqlar, və digər mütəxəssislərdən ibarət geniş bir komanda fəaliyyət göstərir. Birlik olaraq, müxtəlif sahələrdə bir çox layihə həyata keçirmişik, o cümlədən Qarabağ həqiqətləri, milli ailə dəyərləri və vətənpərvərlik mövzularında kitablar, toplular və dərgilər nəşr etmişik. Əlavə olaraq, “Ailə dəyərlərini özündə simvollaşdıran kultların təbliği”, “Qarabağ Zəfərinin innovativ-kreativ təbliği” və bir çox digər layihələr vasitəsilə cəmiyyətə faydalı işlər ortaya qoymuşuq.

 

QHT.az: Gənclərin milli dəyərlərə bağlılığını artırmaq üçün hansı təhsil və maarifləndirmə tədbirləri görülür?

Cəmilə Çiçək: Gənclərin inkişafına xüsusi diqqət ayırırıq və bunun üçün “Milli Zəka” adlı elmi-mədəni jurnalımızı nəşr etmişik. Bundan əlavə, 2016-cı ildən başlayaraq “zekainfo.az” sosial-analitik portalını yaratmışıq. İnternet üzərindən müxtəlif məlumatlar, məqalələr və elmi-ədəbi əsərlər yayımlayırıq ki, bu da gənclərin intellektual inkişafına xidmət edir. Həmçinin, 100-dən çox tədbir keçirərək, 200-dən çox qazi və şəhid ailəsini ziyarət etmişik. Sosial yardımlarımızla da həssas qruplarda olan gənclərə dəstək oluruq.

 

QHT.az: Təşkilatın digər QHT-lər, dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq planları varmı?

Cəmilə Çiçək: Təşkilatımız beynəlxalq əlaqələri gücləndirməyə, xüsusilə qardaş ölkələr və xarici diasporlarımızla əlaqələr qurmağa böyük önəm verir. Türkiyə, Cənubi Azərbaycan, Rusiya və Avropada fəaliyyət göstərən vətəndaş cəmiyyəti təsisatları ilə qarşılıqlı əlaqə quraraq, Azərbaycan həqiqətlərini daha geniş auditoriyaya çatdırmağa çalışırıq.

 

QHT.az: Milli dəyərlərin daha geniş kütləyə çatdırılması üçün hansı yeni metodlardan istifadə edilə bilər?

Cəmilə Çiçək: Texnologiyaların inkişafı ilə, İKT və süni intellektin imkanlarından istifadə edərək, gənclərə milli dəyərləri daha effektiv şəkildə təbliğ etməyə çalışırıq. İnternet və sosial şəbəkələr üzərindən məlumat yayımı, müxtəlif onlayn platformalarda müzakirələr və təhsil tədbirləri təşkil etməklə, yeni texnologiyalarla təbliğatımızı daha da genişləndiririk.

 

QHT.az: İşğaldan azad edilmiş ərazilərdə milli irsin bərpası ilə bağlı konkret layihələriniz olubmu və ya bu istiqamətdə hansısa təşəbbüslər planlaşdırırsınız?

Cəmilə Çiçək: Qarabağın bərpası üçün bir çox layihə həyata keçirmişik. “Qarabağ Zəfərinin innovativ-kreativ təbliği” kimi təşəbbüslərimiz, həmçinin Qarabağa olan sevgimizdən irəli gələrək bu ərazilərdəki milli irsimizi təbliğ etməyə çalışırıq. Milli Zəka jurnalımız, Qarabağda formalaşan mədəni dəyərlərimizi analiz edən məqalələr nəşr edir.

 

QHT.az: Qarabağın milli irsinin bərpası ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları barədə nə düşünürsünüz?

Cəmilə Çiçək: Beynəlxalq təşkilatlarla əlaqələrimizi gücləndirmək vacibdir. Heydər Əliyev Fondunun apardığı siyasəti dəstəkləyir və Azərbaycan həqiqətlərini dünyaya çıxarmaq üçün qlobal platformalardan istifadə edirik. Qarabağda dağıdılan milli irsimizi tanıtmaq və beynəlxalq təşkilatları bu məsələyə diqqət çəkmək istiqamətində fəaliyyətlərimizi davam etdiririk.

 

QHT.az: İşğaldan azad edilmiş ərazilərdə milli mədəniyyətimizin dünyaya tanıdılması üçün hansı təşəbbüslər həyata keçirmək olar?

Cəmilə Çiçək: Dövlətimizin təşkil etdiyi festivallar və konfranslar, o cümlədən Qarabağda keçirilən tədbirlər milli mədəniyyətimizi dünyaya tanıtdırmaq baxımından mühüm rol oynayır. Biz QHT olaraq bu tədbirlərdə iştirak edir və informasiya dəstəyi veririk. Eyni zamanda, öz təkliflərimizlə də dünya ictimaiyyətinin diqqətini Qarabağdakı mədəni irsimizə çəkməyə çalışırıq.

 

Pərvanə Fərhadqızı

QHT.az