Gəncədə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
QHT.az xəbər verir ki, tədbir Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə reallaşdı.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov ekologiya sahəsində aktual məsələlərin müzakirəsinə həsr edilən elmi konfransın mühüm platforma olduğunu bildirib, tədbirin məhz Gəncə şəhərində keçirilməsinin önəmindən danışdi. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizin coğrafi mövqeyinin dayanıqlı ekoloji inkişaf və yaşıl artım üçün əlverişli olduğunu bildirdi. Təmiz ətraf mühit və yaşıl inkişafın milli prioritetlərimiz olduğunu dilə gətirən nazir, Azərbaycanın gələcəkdə təmiz ətraf mühitə malik yaşıl artım ölkəsinə çevriləcəyinə əminlik ifadə etdi. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ekoloji tarazlığın qorunub saxlanılmasının, təbii ehtiyatlardan səmərəli istifadənin, ətraf mühitin çirklənmədən qorunmasının önəmini qeyd edərək, bu məsələlərin Azərbaycanda da vacib məsələ olduğunu bildirdi. Tədbirin davamında milli ekoloji siyasət, iqtisadiyyatın ekolojiləşdirilməsi, Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji terror, ənənəvi iqtisadi artım modelindən yaşıl iqtisadiyyata keçid, maliyyə sisteminin inkişafında yeni mərhələ, “yaşıl” maliyyə trendi və digər məsələlərdən danışıldı.
Sonra iştirakçılar Gəncə şəhərinin Hacıkənd qəsəbəsinin ərazisində ağac əkib, Göygöl Milli Parkının ərazisində yerləşən gölə farel balıqlar buraxıblar.
R.İmanov












