MÜZƏFFƏR DAVAMÇI
“Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.”
Prezident İlham Əliyev
Ömrün millətə, dövlətə həsr edilən ölçüyəgəlməz əməllərlə dolu hər anı dəyərli, qiymətlidir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətini sözlə ifadə etmək, kiçik yazıya sığışdırmaq qeyri-mümkündür.
Artıq 21 ildir ki, xalqımız öz seçimində yanılmadığını hiss edir. Çünki ölkə rəhbəri bunu öz işiylə təsdiq etdi. Yəni dövlət başçımızın ölkəmizin tarixinə butun sahələrdə intibah və yüksəliş dövrü kimi daxil olmuş məhsuldar prezidentlik fəaliyyəti sayəsində respublikamız beynəlxalq arenada mövqelərini möhkəmləndirib. Azərbaycan dünyada əsasən siyasi-iqtisadi və hərbi cəhətdən qüdrətli dövlət, etibarlı tərəfdaş, həm də mötəbər beynəlxalq tədbirlərin, yarışların keçirildiyi məkan kimi tanınıb. Bu gün müasir, müstəqil respublikamız əksər ölkələrə nümunəvi inkişaf modeli təqdim edir.
Dünyanın əsas tranzit qovşaqlarından birinə çevrilməklə regionda gerçəkləşən irimiqyaslı layihələr bizim iştirakımız və milli maraqlarımız nəzərə alınmaqla həyata keçirilir. Bütün bu uğurları şərtləndirən başlıca amil Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin varisliyinin layiqincə təmin edilməsidir.
Etiraf edək ki, son illər əldə edilən möhtəşəm nailiyyətlər möhtərəm Prezidentimizin uğurlu, qətiyyətli siyasətinin nəticəsidir. Təkcə onu qeyd etmək kifayət edər ki, 44 günlük Vətən müharibəsində və qısamüddətli antiterror əməliyyatlarında qazandığımız böyük qələbə, Vətənimizin suverenliyinin, ərazi bütövlüyünün tam təmin edilməsi Ali Baş Komandanımızın missiyasının ən parlaq məqamıdır. Müzəffər Prezidentimiz hər birimizin dilində əzbər olan “Qarabağ Azərbaycandır və nida” milli şüarı ilə 30 illik münaqişəyə son qoyulduğunu elan etdi. Bu tarixi zəfər Azərbaycanın qəhrəmanlıq salnaməsinə qızıl səhifələrlə əbədi yazıldı.
Bunun davamı olaraq azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə xidmət edir.
Müasir Azərbaycanın hərtərəfli tərəqqisi naminə qeyri-neft sektorunun inkişafı, sənaye, kənd təsərrüfatı, turizm, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdəki nailiyyətlər mühüm əhəmiyyət kəsb edir.
Ölkə paytaxtına və regionlara səyahət etsək Azərbaycan iqtisadiyyatının davamlı və dinamik inkişaf etdiyinin şahidi olarıq. Ölkəmizin hər güşəsində geniş vüsət alan tikinti-quruculuq işləri, həssas əhali təbəqəsinə, şəhid ailələrinə davamlı qayğı bütün cəmiyyətin işinə çevrilib.
Real görünməyən ideyaları konkret böyük əməllərə çevirən, müqəddəs ali dəyərlərə sahib görkəmli dövlət xadimi, Ulu Öndərin Müzəffər davamçısı, Azərbaycan xalqının sevimli Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək bundan sonra daha böyük uğurlara imza atacağıq.
Zamin Məmmədov,
YAP Masallı rayon təşkilatının fəal üzvü












