Ölkənin inkişafı və gələcəyi sağlam gənclikdən ibarətdir. İstər valideyn, istərsə də ölkə rəhbərliyi olsun, arzu gənclərin iş qabiliyyətli, sağlam düşüncəyə və dərrakəyə malik olmasıdır. Mən uzun müddət narkotik istifadəçiləri və onların ailələri ilə təmasda olmuşam. Bu bəlaya düçar olan gənclərin düşdükləri dərin quyudan xilas olmaq üçün yalvarışlarını eşitmişəm. İradəsi möhkəm olanlar bu xəstəlikdən qurtula bilsələr də, digərləri həm özlərini, həm də ailələrini məhv etmişlər. Onların çoxu, təəssüf ki, çox gənc yaşlarında bu dünyanı tərk edib.

Bəs belədirsə, nədən narkotik istifadəçilərinin sayı artmaqdadır? Onların bu tora düşməsində günahkar kimdir? Əslində, bu sualı mən də özümə verirəm və bir müəllim olaraq, vətəndaş olaraq özümü də günahkar sayıram. Demək ki, haradasa boşluğa yol açmışıq.

Problemlər:

  1. Gənclərin asudə vaxtlarının düzgün təşkil olunmaması;

  2. Mədəniyyət tədbirlərinə onların cəlb olunmaması;

  3. Valideynlərin diqqətsizliyi və övladları ilə ünsiyyətə getməməsi;

  4. Boşanmış ailələrdə və ya məişət zorakılığı olan ailələrdə böyüyən uşaqlar və gənclər;

  5. Sosial problemi olan ailələrdə nəzarətsiz uşaqlar və gənclər (çayxanalarda, restoranlarda işləyənlər).

Mövcud problemlərə çözüm:

Preventiv tədbirlər aparılsa da, nəticə çox azdır. Filmlər çəkilir, broşürlər və bukletlər çap olunur, görüşlər keçirilir, lakin istənilən nəticəni əldə edə bilmirik. Sosial çarxların televiziyalarda az nümayiş olunması, narkomanların öz bəlaları haqqında danışmaması təsir dərəcəsini azaldır. Onları üzü bağlı olaraq verilişlərə və görüşlərə dəvət etmək lazımdır.

Bir məktəbdə narkomanların həyatı, onların HİV virusuna yoluxması və sonda QİÇS-ə tutularaq xərçəngdən əziyyət çəkməsini göstərən bir filmi nümayiş etdirdik. Auditoriyada olan şagirdlərin üz ifadələri, qorxuları, həyəcanları və göz yaşları sanki deyirdi ki, "mən belə olmaq istəmirəm." Bu, təsirli vasitələrin nə qədər əhəmiyyətli olduğunu göstərir.

Tövsiyələr:

  • Reabilitasiya keçərək sağalmaq istəyənlər üçün mərkəzlərin sayı artırılmalı və ödəniş haqları azaldılmalıdır.

  • Gənclərin sağlamlığına töhfə verə biləcək, faydalı işlərə yönəlməsi üçün layihələr həyata keçirilməlidir.

 

Zenfira Mustafayeva
Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri