QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Qadınları Respublika Cəmiyyəti  "Narkotik Maddələr Tələdir "adlı layihəsini uğurla həyata keçirib.

Tədbiri Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə açaraq, qonaqları salamlayıb, Azərbaycanın Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Mikayıl Cəfərzadə çıxışında Lənkəranda son illər görülən işlər barədə məlumat verərək, xüsusilə günümüzün ən aktual problemi  olan "Narkotik vasitələrin istifadəsi, satışı, gənclər arasında yayılmasının qarşısının alınması və onlarla mübarizə" metodlarını haqqında məlumat verib.
Bunlarla yanaşı erkən nikahların qarşısının alınması ilə bağlı keçirdikləri tədbirlər barədə də məlumatlar verdi.
Azərbaycan Qadınları Respublika Cəmiyyətinin sədri Bahar Qasımova ölkəmizdə qeyd olunan Zəfər Bayramı haqda, gənclərimizin bu Qələbədə rolunu qeyd edərək, şəhidlərimizin, qazilərimizin qəhrəmanlığından danışıb, ölkəmizi gələcəkdə sağlam gənclərin idarə edəcəklərini bildirib. Təşkilat sədri sağlam gənclik üçün,  zərərli, sağlamlığa ziyan verəcək vərdişlərdən, narkotik vasitələrdən  uzaq olmağa səslədi.
Təşkilatın sədr müavini, psixoloq Vəfa Abbasova layihənin məqsədini izah edərək, gənclər arasında psixoloji testlər də apardı. Narkotik maddələrin tələsinə düşməkdən qorunmağın yollarını, lazım gəldikdə, anonimlik qorunmaq şərtilə "qayar xəttə "müraciət etmələrini gənclərə tövsiyə etdi. Azərbaycan Vəkillər Kollegiyasının üzvü, təşkilatın hüquq departamentinin rəhbəri vəkil Şəfiqə Nağıyeva Ulu Öndərin sözləri ilə çıxışına başladı. Prezident İlham Əliyevin ətrafında bütün Dünya azərbaycanlılarının birləşməsindən, Bayrağın qarşısında diz çöküb, öpərək and içməyindən, bayrağa, xalqa, dövlətə olan sevgisini gənclərə nümunə gətirib, Qarabağda gedən quruculuq işlərində sağlam gənclərin iştirak edəcəyini ümidlə gözlədiyimizi bildirdi. 

Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü, Lənkəranın Axundu  Sədi Axundzadə narkotik vasitələrin, erkən nikahların dini baxımdan da günah sayıldığı haqda, din xadimlərinin gənclər arasında maarifləndirici söhbətlər apardıqları barədə məlumat verdi.

Lənkəran polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Orxan Xanməmmədov  Lənkəranda keçirilən, narkotiklə mübarizə, tədbirlərinin nəticəsi kimi, statistik rəqəmləri  iştirakçıların nəzərinə çatdırdı.

Hələ də, sərhəd zonada yerləşən şəhərə qonşu ölkələrdən narkotik vasitələrin keçirilməsinin qarşısını alsalar da, istifadə, yayımlama mövcuddur.

Bu əsrin bəlası olan narkotiklə mübarizə- polis orqanları ilə əhalinin, valideynlərin, gənclərin, ziyalılarımızın, birlikdə mübarizəsinə çevrilməlidir .