Son 10 gündə neftin dünya bazar qiymətində 6 faiz azalma qeydə alınıb. Ötən ayın 28-də 81 dollara təklif edilən Brent markalı neftin bir barelinin qiyməti 76 dollaradək azalıb. Qeyd edək ki, Brent markalı neftin 1 barelinin 2022-ci ildə orta qiyməti 100.93 dollar olmuşdu. İlkin hesablamalara görə bu rəqəm ötən il 82.56 dollar olub.
QHT.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Azərbaycan ixracatının təxminən 80 faizini neft və neft məhsulları təşkil edir. Bu baxımdan neftin qiyməti bir tərəfdən gəlirlərimiz digər tərəfdən ölkəyə valyutanın daxil olması baxımından vacibdir: "Hazırda qiymət 70 dollar üstündədir və bu o deməkdir ki, büdcədə nəzərdə tutulan qiymət və müqayisədə neftin qiyməti hələlik yüksəkdir. Praktik olaraq 60 dollardan üstün qiymət fiskal gəlirlərimizin formalaşmasında çətinlik yaratmayacaq. Amma sözsüz neft ölkəyə valyuta daxil olmasına xüsusi təkan verdiyi üçün bu baxımdan 2024-cü ildə ölkəyə daxil olan vəsaitin həcmi eləcə də təbii balansımızın vəziyyəti birbaşa neftin dünya bazarının qiymətindən asılı olacaq".
Pərvanə Fərhadqızı












