Hər zaman bu qənaətdə olacağam. Ölkədə normal danışmağı bacaran ciddi mediaya şərait yaradılmalıdır. Bizdə ifratdı, yarı yarınır, yarı aqressivdir.

QHT.az xəbər verir ki, bu fikirləri açıqlamasında tanınmış jurnalist Jalə Mütəllimova bildirib.

"Odur ki, cəmiyyəti də belə formalaşdırıblar. Yarı yarınır, yarı aqressivdir. Ortada beş-üç media quruluşu qalıb onlar da qorxa-qorxa danışır. Bundan başqa ölkədə milli kadroloji baza formalaşmalıdır. "Xalq məmuru" institutu olmalıdır. Soylu məmurlar dövlət və milli dəyər bilmir. Odur ki, əziyyət çəkir özləri də, xalq da, dövlət də. Prezidentin danışdığı "xalq dilində" silkələrsən on məmur düz əməlli danışa bilmir. Amma dövlət bunun üçün, milli kadr bazası formalaşsın deyə yetərincə vəsait ayırır. Guya nə qədər iş görülür, dindirsən on minlik siyahı verəcəklər ki, bəs milli kadr hazırlamışıq, amma araşdırsan heç yüz nəfər yoxdur. Hansı layihələrdə nəticə var, bilirsinizmi? Birbaşa birinci xanımın və ya dövlət başçısının özünün şəxsi nəzarətində olanlar. Çünki orada kimsə artıq hərəkət edə bilmir. Yerdə qalan layihələr əksər sahələr üzrə sadəcə fisakodur. Altı ayın yekunlarına dair bu günki müşavirədə Prezident İlham Əliyev Gədəbəyin Söyüdlü kəndindəki hadisələrdən danışdı. Onun söylədikləri çox ağrılıdı. Adam bilmir nə desin...

...“Bu hadisənin təbii səbəbi var idi. O da ondan ibarətdir ki, xarici şirkət buraya pul qazanmağa gəlib. Biz etiraz eləmirik, investisiya qoyubdur, iş yerləri yaradıbdır. Əlbəttə, onlar gəlib burada xeyriyyəçiliklə məşğul olmurlar ki, pul qazanmağa gəliblər. Amma bu o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin. O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun. Kim onlara icazə verib? Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır. Prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlər verilmişdir. Mən xəbər tutandan sonra zəng edib Baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir".