Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının təşkilini davam etdirir. Növbəti konfrans Şəmkir şəhərində keçirilib.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxışında qeyd edib ki, ölkəmizdə bu region üzrə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin inkişafında xüsusi rola malikdirlər. Onların fəaliyyəti QHT-dövlət münasibətləri sahəsində müsbət nümunələr formalaşdırıb. Dövlətimizin başçısının 2007-ci ildə imzaladığı Sərəncamla təsdiqlənmiş “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” ölkəmizdə QHT sektorunun inkişafında yeni mərhələnin başlanğıcı olub.
V.Quliyev bildirib ki, bu gün QHT-lər dövlət qurumları ilə əməkdaşlıq etməli, qərarların qəbulu prosesinə ictimai dəstək göstərməli və ictimai nəzarətin təşkilində təşəbbüskar olmalıdırlar.
O, konfransda iştirak edən ixtisaslaşmış təşkilatların diqqətinə məişət zorakılığı, ailə dəyərlərinin qorunması və digər istiqamətlərdə səmərəli layihələrin reallaşdırılmasının vacibliyini diqqətə çatdırıb.
Vüsal Quliyev icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların fəaliyyətindən danışaraq, bu sahədə QHT-ləri daha məsuliyyətli olmağa, qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməyə və fəaliyyətləri ilə bağlı hesabatlar hazırlayaraq ictimaiyyətə təqdim etməyə çağırıb.












