Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti polkovnik-leytenantı olan Rasim Abdullayev 1975-ci il fevralın 21-də Kəlbəcər rayonunun Milli kəndində anadan olub.
QHT.az xəbər verir ki, 1993-cü il aprelin 2-də Kəlbəcər rayonunun Milli kəndinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində Rasim və ailəsi öz doğma torpağından didərgin düşüb. 1998-ci ildə Azərbaycan Tibb Universitetindən məzun olan Rasim Abdullayev 2000-ci ildə könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin tərkibində hərbi tibb qulluqçusu olaraq xidmət etməyə başlayıb. O, 2016-cı ilin "Aprel döyüşləri" zamanı Gəncə Hərbi Poliklinikasının rəisi olaraq döyüşün qızğın nöqtələrində qalan yaralı zabitlərə yerindəcə tibbi yardım göstərib və döyüşlərdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tibb xidməti rəisi vəzifəsinə təyin olunub. 2020-ci ilin əvvəllərinə qədər bu vəzifəni yerinə yetirən Rasim Abdullayev son vəzifəsinə — Silahlı Qüvvələrin "N" saylı hərbi hissəsində tibb bölüyünün komandiri vəzifəsinə təyin olunub və İkinci Qarabağ müharibəsi başlayana qədər bu vəzifəni yerinə yetirib. O, 44 günlük Vətən müharibəsi zamanı müxtəlif istiqamətlərdə gedən döyüşlərin ən qızğın nöqtələrində qalmış 100-dən çox yaralıya yerindəcə tibbi yardım göstərib. Rasim Abdullayevə 10 noyabr 2020-ci ildə müharibənin son dəqiqələrində, üçtərəfli bəyanat imzalanandan bir müddət əvvəl Şuşa istiqamətində qalmış yaralıların çıxarılması ilə bağlı Komandanlıq tərəfindən tapşırıq gəlib. Rasim Abdullayev öz istəyi ilə bu tapşırığa əsasən hərbi tibb maşını ilə Hadrut-Şuşa yoluna çıxıb. Xocalı rayonunun Çanaqçı kəndi istiqamətində, Şuşaya az qalmış Abdullayevin maşını qarşı tərəfin zabitləri və əsgərləri tərəfindən pusquya düşüb. Bu zaman açılan atəşlərdən yaralanan Rasim Abdullayev qəhrəmancasına şəhid olub.
Rasim Abdullayev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!












