“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva bildirib ki, dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə edilən böyük Zəfərdən sonra şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstərir.

Onun sözlərinə görə, bu istiqamətdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev də daim şəhid ailələrinin və qazilərin yanında olub:

"29 yanvar 2025-ci ildə keçirilən bələdiyyə seçkilərində rayonumuzda şəhid valideynləri də namizəd oldular. Seçkidə qalib gələn Saray qəsəbə bələdiyyəsinin sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov və Məhəmmədi kənd bələdiyyəsinin sədr müavini, şəhid Nurlan Atakişiyevin atası Etibar Atakişiyev dünən İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova xanım və iki üzvü ilə birlikdə təbrik etmək üçün ailələri ziyarət etdik. Hər iki evdə şəhidlərimizin otaqlarını, onların uğurlarını əks etdirən diplom və medalları seyr etdikcə əminliklə demək olur ki, şəhidlərimiz seçilmiş qəhrəman övladlardır. Valideynləri təbrik etdik və onlara belə dəyərli Vətən oğulları yetişdirdikləri, dövlət uğrunda məğrur dayandıqları və gələcək nəsillərə əsl nümunə olduqları üçün təşəkkürümüzü bildirdik". 

Zülfiyyə Nuriyeva qeyd edib ki, şəhid valideynləri də şəhidlər qədər qəhrəmandırlar və onların dözümlülüyü gələcək nəsillər üçün əsl nümunədir: "Vətən uğrunda ölən varsa, Vətəndir! Allah şəhidlərimizə rəhmət eləsin!"