Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qərar imzalayıb. Dəyişikliyə əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər və əxlaq normalarına, milli-mənəvi dəyərlərə zidd məlumatların yayılması qadağan olunub.
"Xalqımız öz milli-mənəvi dəyərləri ilə seçilib. Bu günə kimi qoruyub saxladığımız milli xüsusiyyətlərimiz, adət-ənənələrimiz dünya mədəni irsində xüsusi yer tutur. Ölkə başçımızın bu qanunda nəzərdə tutulan dəyişiklikləri çox vacib və vaxtında verilmiş qərardır. Uzun müddətdir ki, ictimaiyyət tərəfindən dilə gətirilən, sosial şəbəkələrdə yer alan anormal paylaşımların qarşısının alınması hər birimiz üçün müsbət hal olacaq".
Bu sözləri Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a bildirib. Onun sözlərinə görə, gələcək nəsillərin əxlaqına, tərbiyəsinə zərər verəcək hər hansı anormal halların qarşısı alınmalıdır. Onun əxlaqı, danışıq tərzi, hərəkətləri, böyüklərə hörməti və qayğıkeşliyi ilə bəlli olur. Hətta böyük şairimiz Füzuli də demişdir ki, gənclər öz zəmanələrinə bənzəyirlər. Biz yaşlı nəsil onların geyiminə və seçimlərinə qarışmırıq, lakin istəyimiz əsrlərlə qoruyub saxladığımız əxlaq normalarını və dəyərlərimizi itirməməkdir:
"İstər qadın, istərsə də kişi tərbiyəsi və əxlaqı ilə seçilib hörmət qazanır. Elə ifadələr və hərəkətlər var ki, onları sosial şəbəkələrdə yaymaq uşaq və gənclərimizə pis nümunə olur və onları düz yoldan sapındırır. Belə hallar törədən insanlar mütləq cəzalanmalıdır. Sosial şəbəkələrdə isə uğurları, yenilikləri və nümunəvi ailələri paylaşmaq lazımdır. İnanıram ki, qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər pis nümunələrin qarşısını alacaq. Birinci növbədə biz özümüz nümunə olmağı bacarmalıyıq. Təbliğat əsasən sosial şəbəkələrdə və TV kanallarında aparıldığı üçün səviyyəli, mənəviyyatlı şəxslər təbliğ olunmalıdır. Regionlarda yerli əhali nümayəndələri öz həyat tərzləri haqqında gənclərin qarşısında çıxış etməli və ənənələrimizi təbliğ etməlidirlər. Biz gənclərimizə yaxşı nümunə olmağı bacarmalıyıq".
Pərvanə Fərhadqızı












