Peyğəmbər əfəndimiz buyurur ki, kimsə sənə bir hərf öyrətsə bir ömür sənin üzərində haqqı var. Bu gün mənim üzərimdə haqqı olan insanlardan biri haqqında tanınmış hüquqşünas təcürbəli vəkil Akif Əlizadə haqqında fikirlərimi bölüşəcəm.
Akif Əlizadə ilə ilk ünsiyyətimiz 2003-cü ildə vəkillik kursunda olub. İntiqam Əliyevin təşkil etdiyi vəkillik kurslarında bizə vəkilliyin müxtəlif aspektlərindən dərs deyib. Müəllim kimi səciyyələndirsək, bir çox müsbət komponetləri özündə ehtiva etdiyini qeyd etməliyik.
Dostum Əkbər Bağırovun gözəl bir sözü var, deyir adam istənilən peşə sahibi ola bilər amma müəllim ola bilməz. Əkbər Bağırov da gözəl bir müəllim ailəsində - Məmməd müəllimin ailəsində doğulub. O atası Məmməd müəllimin simasında müəllim peşəsinin nə qədər müqəddəs və əvəzolunmaz olduğunu dərk etməklə bərabər başqalarına da aşılamağı bacarır.
Akif Əlizadə məhz insanlara sevə-sevə elm öyrətməyi zövqlə yaşayan bir müəllimdir. Düzdü, biz vəkillik kursuna gələndə artıq ali təhsil almış hüquqşünaslar idik, amma peşə təcrübəmiz az olduğundan uzun illər məhkəmə ilə işləmş Akif Əlizadə kimi təcrübəli müəllimə ehtiyacımız var idi və o bu ehtiyacı ən yüksək sevgi ilə həyata keçirməyi bacardı.
Akif Əlizadə uzun illərdi Xəzər Universitetində müəllimlik edir. Onun tələbələri əksəriyyəti müəllim kimi onunla ünsiyyətdən zövq alır. Sonrakı illərdə Akif müəllimlə əməkdaşlığımız daha da intensivləşdi. İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsində “Məhkəmələrin monitorinqi” “Ədalətli məhkəmə araşdırması hüququnun monitorinqi” “İmkanların bərabərliyi” layihələri ilə biz tərəfdaş olmaqla bərabər həm də artıq dosta çevrildik. Bu arada bizim ümumi dostlarımızın sırasına daha bir dəyərli hüquqşünas, mənim köhnə dostum Ənnağı Məmmədli də də qoşuldu. Akif Əlizadənin həyata keçirdiyi layihələr sırasında Ənnağı Məmədli ilə birlikdə icra etdiyimiz “İmkanların bərabərliyi” layihəsi məhkəmə sistemi üçün çox böyük tövfə oldu. Layihə çərçivəsində vəkillərlə prokurorların məhkəmədə imkanlarının bərabərliyi yoxlanıldı.
Məlum oldu ki, həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə daxil olan prokuror təqdimatlarının 100 faizi təmin olunur. Bu faktın araşdırılmasından sonra Ali Məhkəmə məsələ ilə bağlı Plenumun iclasını keçirdi, əsas olmadan ibtidai istintaq zamanı həbs qətimkan tədbiri seçdiyi üçün 42 nəfər hakimə töhmət verildi. Artıq həbs qətimkan tədbirini pul mənbəyinə çevirməyə çalışan prokuror və hakimlər başqa mənbələr axtarmağa məhkum oldular. Akif müəllimin həyata keçirdiyi layihələrin hər biri haqqında ayrıca danışmaq, yaxud broşura hazırlamaq olar. Amma gündəlik qayğılar, vaxt qıtlığı işin çoxluğu hələlik bu məqalə ilə kifayətlənməyə məcbur edir. Hər halda kiçik də olsa Akif Əlizadə şəxsiyyətini səciyyələndirən kiçik nüasnlara toxunmağa çalışdım. Akif Əlizadə ictimai həyatımız üçün vacib şəxsiyyətlərdən biridir.
Tədqiqatçı-hüquqşünas
Səməd Vəkilov












