Avropa İttifaqının 2019-2020-ci illər üzrə Çoxillik Fəaliyyət Proqramı çərçivəsində Dünya Bankı tərəfindən icra olunan “Azərbaycan üçün çevik texniki yardım aləti” (AZTAF) üzrə məlumatlandırma tədbiri keçirilib.
Məqsəd layihə üzrə əldə edilmiş nəticələrin təqdim edilməsi, proqramın başlıca sahələri, əsas komponentləri və fəaliyyətləri haqqında maraqlı tərəflərin məlumatlılığının artırılması olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov qeyd olunan layihə çərçivəsində görülən işlər barədə məlumat verib. O, qadınların məşğulluq imkanlarının artırılması üçün layihənin dəstəyi ilə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində aparılan işləri, Əmək Məcəlləsinə edilmiş dəyişiklikləri diqqətə çatdırıb.
Tədbirdə əmək və məşğulluq sahələrində gender bərabərliyinin təmin edilməsi, qadınların məşğulluğunun təminatı imkanlarının genişləndirilməsi məqsədilə Məcəlləyə edilmiş dəyişikliklərdən, yeni layihələrdən bəhs olunub, müvafiq mövzuda fikir mübadiləsi aparılıb.












