Qarpız şirin giləmeyvədir. Tərkibində təxminən 13% saxaroza, fruktoza və qlükoza kimi şəkərlər var. Onlara əlavə olaraq, tərkibində bir sıra faydalı maddələr var: pektinlər, maqnezium, kalsium, natrium, kalium, fosfor, dəmir, tiamin, riboflavin, niasin, fol turşusu, karotin, askorbin turşusu və s.
QHT.az xəbər verir ki, qarpızda likopen- antioksidant var ki, onun sayəsində giləmeyvə qırmızıdır və bu da ateroskleroz, ürək xəstəliklərinin inkişaf riskini azaldır. Giləmeyvə güclü xoleretik və sidikqovucu təsirə malikdir, buna görə də qaraciyəri və böyrəkləri toksinlərdən təmizləməyə qadirdir. Qarpız çox aşağı kalorilidir, məhsulun 100 q-da cəmi 38 kkal var, buna görə də tez-tez kilo itkisi zamanı və oruc günlərində istifadə olunur.
Professor, doktor Vuqar Mikayilov QHT.az-a açıqlamasında bildirib ki, günəş şüaları altında yığılıb satılan yerdən qətiyyən qarpız almayın: “Qarpız tağdan ayrıldığı üçün tez qızır, sululuğunu itirir, tez xarab olur. Evə gətirəndə baxmayaraq ki, səthində çoxlu mikrob olma ehtimalı var yumaq olmaz. Qarpız kəsilməzdən əvvəl sabun ilə yuyulmalıdır. Üzərindən şırnaq şəklində su axıdılmalıdır. Baxmayaraq ki, biz qarpızın qabığını yemirik, amma bıçaqla kəsilərkən qabıqdan mikrob keçmə ehtimalı böyükdür. Qarpızın qabığında hətta parazitlərin süfrələri də ola bilər. Qarpız kəsilərkən bıçaq təmiz və quru olmalıdır. Kəsildikdən sonra yeməli, kəsilmiş halda otaqda çox saxlamaq olmaz. Çünkü bu zaman kənardan mikroorqanizmlərin düşmə ehtimalı çoxalır və qarpızdakı mühit onların daha tez inkişafına səbəb olur. Heç bir halda kəsilmiş qarpızı pəncərə qarşısında və ya günəş şüaları altında saxlamaq olmaz”.
Professor həmçinin qeyd edib ki, qarpızda nitratlar əsasən qabığ ətrafinda olduğundan yemək üçün doğradıqda qabıqlar qalın kəsilib atılır: "Qarpızda qırmızı hissədə ağ və sarı zolaqlar qarpızda nitratların çox olduğunu göstərir. İnsan orqanizminə onun çəkisinin hər kiloqramına max 0,2 mq nitrit, 5mq nitrat ola bilər. Qarpız günəş şüaları altında qaldıqda və ümumiyyətlə isti yerdə saxlanıldıqda nitratlar nitritə çevrilir. Bu da əlbəttə ki zəhərlənməyə səbəb ola bilər”.
Ümumiyyətlə, qarpız immunitet sistemi üçün faydalıdır və əhval-ruhiyyəni yaxşılaşdırdığı sübut edilmişdir. Həddən artıq yeyilərsə, o zaman bağırsaq narahatlığı, qarın ağrısı, köp qazana bilər və əgər giləmeyvə kəsiləndən sonra soyuducuda saxlanılmırsa, zəhərləmə verə bilər. Ehtiyatlı qolaq!
Pərvanə Fərhadqızı












