“Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “44 Günlük Vətən Müharibəsinin Qəhrəmanlarını Tanıyaq və Tanıdaq” layihəsi çərçivəsində 16 dekabr 2021-ci il tarixində Qazax rayonundan olan 51 şəhidimizin xatirəsinə həsr olunmuş atıcılıq turnirini Qazax Olimpiya İdman Kompleksində təşkil edib.

Tədbir Azərbaycan Respublikasının suverenliyi uğrunda canını fəda etmiş bütün şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

“Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri və layihə rəhbəri, əməkdar məşqçi Azər Əliyev turnir iştirakçılarına yarış haqqında ətraflı məlumat verib, donor dəstəyi barədə danışıb. O, Vətən müharibəsi şəhidlərinin qəhrəmanlıqlarından söz açaraq gəncləri şəhidlərin xatirəsini uca tutmağa, sağlam həyat tərzi seçməyə və idmanla müntəzəm məşğul olmağa çağırıb.

Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Qazax rayon sədr müavini, I dərəcəli Qarabağ müharibəsi qazisi Namiq Əliyev çıxış edərək atıcılıq turnirinin gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsində önəmini vurğulayıb.

Qazax Rayon Təhsil Şöbəsinin əməkdaşı Orxan Əliyev və Qazax Gənclər və İdman İdarəsinin rəis müavini Şahin Namazov çıxış edərək gənclərin asudə vaxtının səmərəli təşkili baxımından bu turnirin əhəmiyyətini qeyd edib və iştirakçılara uğurlar arzulayıblar.

Çıxışlardan sonra turnirə rəsmi start verilib.

Turnirdə iştirak və nəticələr

Yarışda 19 komandanın 76 iştirakçısı qeydiyyatdan keçib. Turnir “Qəhrəmanlar unudulmur” devizi altında gərgin idman mübarizəsi şəraitində keçirilib və 2 kateqoriya üzrə qaliblər müəyyən olunub.

I KATEQORİYA – Komanda yarışı

Gənclər komandaları arasında keçirilən yarışın nəticələri belədir:

I yer – Dəmirçilər komandası (51 xal)

II yer – Ağköynək komandası (47 xal)

III yer – 4 saylı məktəb komandası (47 xal)

II KATEQORİYA – Fərdi yarış

Gənclər fərdi şəkildə atıcılıq bacarıqlarını sınayıblar:

I yer – Hüseynov Səbuhi (27 xal)

II yer – Carçıyev Emin (25 xal)

III yer – Nəbiyev İlkin (24 xal)

Qaliblər medal və diplomlarla mükafatlandırılıb. Yarışda iştirak edən qonaqlar da fərqlənən idmançıların təltif olunmasında iştirak edərək təşkilat komitəsinə təşəkkürlərini bildiriblər.

Turnir çərçivəsində 98 nəfər birbaşa, 1840 nəfər isə dolayısı ilə layihədən bəhrələnib. Tədbir gənclərin asudə vaxtının düzgün təşkili, sağlam həyat tərzinin təşviqi və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından mühüm rol oynayıb.