Qarabağa gedən yollar

Düz 30 il idi ki, Qarabağa gedən yollar bağlı idi. Düz 30 il idi o yolların açılmasını həsrətlə gözləyirdik. Bəzən ümidimizi itirsək də içimizdəki Vətən həsrəti heç vaxt sönmürdü, bizə təsəlli verirdi, o günün gələcəyini hansısa daxili bir hiss ehmalca qulağımıza pıçıldayırdı. Bizlər də bu pıçıltıların şirinliyi ilə, həzinliyi ilə o günü səbirsizliklə gözləyirdik. O gün gəldi, o gün ki, ağrıyan, sızlayan Vətən torpaqları 44 gün ərzində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər oğullarımız, igid zabitlərimiz tərəfindən azad edildi. O güclü hiss, vətənpərvərlik hissi ilə döyüş qabiliyyətini birləşdirən ordumuz 44 gündə ağılalmaz bir qələbəyə imza atdı. Qarabağın dağında, düzündə düşmənin 30 il ərzində qurub yaratdığı beton istehkamları, müdafiə sədlərini ən müasir döyüş üsulları ilə darmadağın etdi, düşməni təslim olmağa, kapitulyasiya aktına imza atmağa vadar etdi. Qarabağa gedən yollar açıldı. Bu yollar artıq bir ildir ki, bizləri Şuşamıza, Ağdama, Qubadlıya, Kəlbəcərə, Laçına, Zəngilana, Cəbrayıla, Suqovuşana aparır. Lakin burada bir “təəsüf ki,” sözünü işlətmək məsburiyyətindəyəm. Yollar açılıb, lakin, minalanmış sahələr o qədər çoxdur ki, hələlik bu doğma yurd yerlərimizə yalnız infrastruktur qurucuları, minatəmizləyənlər və xüsusi təşkil olunmuş qruplar gedə bilir. Təhlükəsizliyin təmin edilməsi üçün dövlətin bu qərarı verməsi vacib idi. Və hər kəs də bu qərarla razılaşır. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır, biz ora artıq qurub-yaratmaq üçün gedəcəyik.

Bir telefon zəngi

O gün telefonuma bir zəng gəldi. Bu zəng QHT-lərə Dövlət Dəstəyi Agentliyindən idi. Agentlikdən bildirdilər ki, bir qrup QHT sədrinin Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan qəsəbəsinə və Talış kəndinə, eləcə də Tərtər rayonuna səfəri olacaq. Siz də o siyahıdasınız. İnanın, məni bəlkə də dünyanın ən gözəl guşəsinə səfərə dəvət etsəydilər bu qədər sevinməzdim. Mənim üçün igid balalarımızın canı-qanı bahasına mənfur düşməndən azad olunan torpaqlarımız dünyanın heç bir yeri ilə müqayisə olunmayacaq dərəcədə gözəldir və əzizdir. O torpaqların həsrətini o qədər çox çəkmişik ki, bunu indi ifadə etmək mümkün deyil. Təcili Bakıya yola düşdüm. Səhər tezdən yollar bizi Qarabağa aparacaqdı. Səfərin məram və məqsədi barədə təfərrüatı ilə orada tanış oldum. Səfərdə 100-dən çox QHT nümayəndəsi iştirak edirdi. Səfər 10 Dekabr – Ümumdünya İnsan Hüquqları Günü ilə əlaqədar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə təşkiil olunmuşdu. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və Agentliyin Müşahidə Şurasının sədri Aygün xanım Əliyeva da bizimlə idi. Biz bu ərazilərdə erməni vandallarının törətdikləri vəhşilikləri öz gözlərimizlə görəcək və vətəndaş cəmiyyəti olaraq bu vəhşiliklərin beynəlxalq ictimaiyyətə çatdırılmasında bir vəsilə olacağıq. Elə Vüsal Quliyevin dediyi sözləri bura əlavə etsəm lap yerinə düşər.  “Minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına böyük maneə törədib, bərpa və quruculuq planlarımızı əhəmiyyətli dərəcədə ləngidib”, - deyə V.Quliyev bildirib. O, həmçinin 30 ilə yaxın müddətdə Suqovuşan və Talışın, habelə digər işğaldan azad olunmuş ərazilərin Ermənistan tərəfindən kütləvi şəkildə minalandığını vurğulayıb.

Talış kəndi nələrin şahidi olmadı ki...

Artıq Tərtərə çatmışdıq ki, həyəcan məni bürümüşdü. Tərtərdə bizə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov da qoşuldu. Biz polis maşınlarının müşayiəti ilə Suqovuşan istiqamətində yola düşdük. Bayaqdan deyib-gülən yol yoldaşlarımın sanki birdən səsi kəsildi. Biz artıq dağıdılmış, viran qalmış kəndlərin yanından keçirdik. Hər kəs içində bir kin-nifrətlə ətrafı dərin təəssüf hissi ilə seyr edirdi. Bəli, buralardan sanki bir “vəhşi qəbilə” keçmişdi. Yol infrastrukturu əla idi. Bu yol ermənilərin 30 il ərzində şeytan yuvasına çevirdiyi dağların qoynuna kəmər kimi dolaşaraq bizi o gözəlim Suqovuşanına gətirdi. Lakin ilk səfərimiz Talış kəndinə olduğu üçün yolumuzu davam etdiririk. Talış kəndinə kimi yollar yenidən qurulub. Budur, uzaqdan dağların arasındakı Talış kəndi və kəndin xarabazarlığa çevrilən evləri görsənir. Talış kəndi Aprel döyüşlərindən sonra daha məşhur olmuşdur. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilən xüsusi təyinatlıların komandiri, polkovnik- leytenant Murad Mirzəyev və onun igidləri burada düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv etmişdi. Məhz Aprel döyüşlərindən sonra burada yaşayan ermənilərin çoxu oranı tərk etmişdi.

Kənd haqqında məlumatı Müstəqim müəllim verir. Ümumiyyətlə səfərin sonuna kimi bizə məlumatları o verir. Müstəqim müəllim bu məlumatları o qədər şövqlə, o qədər qürur hissi ilə verir ki, onun bu hissləri hər birimizə sirayət edir. Talış kəndində Alban kilsəsinin önündəyik. Tarix manyakları olan ermənilər bu abidəni dağıtmasalar da onu erməniləşdirmək üçün əlindən gələni ediblər.  Mən kədərlə qarşı tərəfdə dağın döşündə yerləşən kəndin xarabazarlıqlarına baxıram. Bu yerlərin hər daşı uğrunda şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini bir daha yada salıram. Döyüş üçün nə qədər çətin bir relyef olduğu göz önündədir. Bütün yüksəkliklər düşmən əlində, bütün döyüşçülərimiz onların hədəfində olsa da igidlərimiz o qələbəni qazana bildilər. Çünki, onlarda olan ürək düşməndə heç vaxt ola bilməzdi.

Suqovuşan bizi Qarabağa qovuşdurdu

3 oktyabr 2020-ci il, bu gün də hər bir Azərbaycanlı o günün həyəcanını yaxşı xatırlayır. Həmin gün Azərbaycan ordusu özünün ilk böyük qələbəsini qazandı. Suqovuşanı və Talış kəndini azad etdi. Beləliklə, Qarabağa gedən Şimal yolları açıldı. Beləliklə, Tərtər şəhəri buradan atılan güllə yağışından xilas oldu. Suqovuşan ətrafındakı yüksəkliklərə nəzarəti ələ almaqla ordumuz düşmənin əsas zərbə nöqtələrinə birbaşa çıxış əldə etdi. Suqovuşan olduqca əhəmiyyətli strateji bir mövqe idi. Burada ermənilər öz xarici havadarları ilə birlikdə güclü bir cəbbəxana yaratmışdı. Ermənilərin ən güclü 6-cı diviziyası burada idi. 3 oktyabrda Ali Baş Komandan dedi:”Mən buranın tarixi adını özünə qaytarıram. Yerin dibinə girsin sizin qoyduğunuz Madagiz adı . İndidən sonra bura Suqovuşan olacaq.”

 Suqovuşanın sakit sularına baxaraq içimdəki o təlatümü bir məcraya salmağa çalışıram. Hələ də inana bilmirəm ki, mən Suqovuşandayam. Ətrafıma baxıram, gözlərim burada şəhid olan balalarımızın izlərini axtarır. Azərbaycan ordusu ən çox şəhidi Füzulidə və Suqovuşanda verib. Bu gün bura mən əliboş gəlməmişəm. Bir vətəndaş cəmiyyətinin üzvü kimi və bir jurnalist kimi bu döyüşlərdə iştirak edən şəhid balalarımıza həsr etdiyim “Qarabağın fatehləri” kitabı ilə gəlmişəm. Onları yaşatmaq, bu qəhrəmanlıqlar əsasında böyüyən nəsilə vətən dərsi keçilməsi üçün mən bu kitabı yazmışam. Yəqin ki, belə kitablar yazılır və hələ çox yazılacaq. Çünki, bizim oğullarımızın hər birinin döyüş yolu bir kitabın mövzusudur.

Suqovuşan öz gözəlliyi ilə insanı valeh edir. Təəssüf ki, yırtıcı düşmən yalnız sərvət talançısı olub. O heç bir quruculuq, abadlıq işi görməyib. Suqovuşanda da ancaq ekoloji terror törədib, ətraf əraziləri yay aylarında susuz qoyub, qışda isə suyu açıb buraxaraq əraziləri su altında qoyub. Burada balıq zavodu tikən tamahkarların nərə balığı və qara ikra ixrac etmək kimi istəkləri qursağında qaldı. İşğaldan azad olunduqdan sonra buradakı 1 və 2 nömrəli su elektrik stansiyaları bərpa olunaraq ətraf ərazilərə işıq verilib.

Suqovuşanda sanki bir rahatlıq tapdıq, həqiqətin, ədalətin nə vaxtsa öz yerini tapacağına inam hissimiz artdı.  Suqovuşandan sonra torpaqlarımızın azad olunması corab sapı kimi açılmağa başladı. 7 gündən sonrakı bu qələbə Şuşada tamamlandı. Azərbaycan ordusu bir dastan yazdı.

Azərbaycanın Stalinqradı

Bu ifadəni Ali Baş Komandan İlham Əliyev işlətmişdi. O demişdi:”Bir şəhərə nə qədər bomba atmaq olar. Tərtər şəhərində bomba düşməyən bir qarış yer qalmayıb. Elə bil ki, Stalinqraddır.”  Biz isə bu dağıntıları yalnız Tərtər Rayon İcra Hakimiyyətinin qarşısındakı stendlərdə nümayiş etdirilən şəkillərdə, bir də gələn qonaqlara göstərmək üçün saxlanılan dağıdılmış evdə gördük. Bu evə qadağan olunmuş “Smerç” raketi düşüb. Onu müharibənin  canlı tarixi kimi saxlayıblar. Bir il ərzində Tərtərdə o qədər geniş quruculuq və abadlıq işləri gedib ki, onun müharibənin odundan çıxmasına inanmaq belə çətindir. Dağıdılmış evlər yenidən tikilib, ictimai binalar təmir olunub, Tərtər dinc həyatına qovuşub. Artıq burada hər gün güllə səsi eşidilmir, uşaqlar atılan raketlərdən diksinmirlər. Müstəqim müəllim Tərtərə atılan silahları sayır: Tərtər şəhəri də daxil olmaqla, rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 tank, top, qrad, minaatan mərmisi, 21 qadağan olunmuş "Smerç" raketi atılıb. Nəticədə Tərtərdə 82 çoxmərtəbəli yaşayış binasına, 5949 fərdi evə, 184 sahibkarlıq və 301 qeyri-yaşayış obyektinə, 17 məktəbə, 11 uşaq bağçasına, 1 texniki peşə məktəbinə, 1 musiqi məktəbinə, 30 inzibati binaya və 20-yə yaxın mədəniyyət və səhiyyə müəssisəsinə ziyan dəyib. Bəli, Tərtər Qəhrəman şəhərdir, tərtərlilər isə bu şəhərin qəhrəman sakinləridir.

Biz müraciət qəbul etdik

Səfərin sonunda Tərtər rayon mədəniyyət evində QHT rəhbərlərinin iştirakı ilə konfrans keçirildi. İlk öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Müstəqilliyimiz  tarixi  nemətimizdir” filmi nümayiş etdirildi. Konfransda çıxış edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva ,Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev işğaldan azad olunmuş torpaqlarda törədilən erməni vəhşiliklərindən danışdılar. Qeyd edildi ki, ermənilər mina xəritələrini verməməklə bu vandalizmi davam etdirirlər. Ermənilərin bütün təxribatları insan haqlarının pozulmasına yönəlib. Ermənistan törətdiyi bütün cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Elə bu ruhda da QHT-lərin Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsi və Talış kəndlərinə səfərinin nəticələrinə dair bəyanat qəbul edildi. Bəyanat beynəlxalq təşkilatlara ünvanlanmışdı. Bəyanatda ermənilərin işğal etdikləri ərazilərdə törətdikləri vəhşiliklər və beynəlxalq hüquqa zidd hərəkətləri öz əksini tapmışdı.

Bir də qovuşmaq arzusu ilə

Tərtərdən ayrılanda artıq axşam idi. Günün necə keçdiyini hiss etməmişdik. Bizi o yollar geri gətirirdi. Səfərimiz qısa olsa da təəssüratımız bir dünya idi. Biz bizə qürurumuzu, heysiyyətimizi qaytaran, tapdalanan namusumuzu təmizləyən, Xocalıda qətl edilənlərin qisasını alan qəhrəman ordumuzun bizə bəxş etdiyi torpaqların bir parçasının qoxusunu içimizə çəkərək, havasını udaraq, yaralı bağrımıza titrəyən əlimizi çəkərək vətən həsrətimizi dinləndirmişdik. Biz sinəsindən barıt qoxusu hələ çəkilməyən o torpaqlara göz dolusu baxaraq bir də geri qayıtmaq arzusu ilə yolumuza davam edirdik. Biz Suqovuşana qovuşduq, Suqovuşan isə bizi qələbəyə qovuşdurdu. Şükür qovuşdurana.

Elmira Mehdiyeva,

“Yeni Fikir” JHİB-nin sədri,

“Zaqatala” qəzetinin redaktor müavini,

Əməkdar Mədəniyyət İşçisi