11 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikı Ədliyyə Nazirliyinin iştirakı ilə qeyri-hökumət təşkilatları (QHT) üçün “Korrupsiya ilə mübarizə” mövzüsunda onlayn təlim keçirilmişdir. Təlim ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ŞVC) layihəsi çərçivəsində Açıq Hökumət Platforması ilə əməkdaşlıqda təşkil olunmuşdur.
Tədbirdə salamlama sözü ilə çıxış edən Azərbaycan Respublikı Ədliyyə Nazirliyinin QHT-lərlə iş şöbəsinin rəhbəri Aslan Hacıyev ölkə rəhbərliyinin korrupsiya ilə mübarizə sahəsində qəbul etdiyi sənədlərdən və nazirliyin bu sahədə QHT-lər üçün apardığı maarifləndirmə tədbirləri haqqında məlumat vermişdir.
Təlimdə Açıq Hökumət Milli Platformasının koordinatoru Əliməmməd Nuriyev təqdimatla çıxış edərək, korrupsiyaya qarşı mübarizə sahəsində ölkə qanunvericiliyinin tələbləri haqqında ətraflı məlumat vermiş və iştirakçıların suallarını cavablandırmışdır. ECSOFT layihəsinin eksperti Rena Səfərəliyeva korrupsiya ilə mübarizə sahəsində beynəlxalq təcrübə barədə təqdimat etmişdir.
Ümumilikdə təlimdə son 3 ildə qeydiyyatdan keçmiş 26 QHT nümayəndələri iştirak etmişdir. Tədbirin sonda iştirakçılara onlayn sertifikatlar təqdim olunmuşdur.












