Hüquq-mühafizə orqanları tərəfindən bu hadisə ilə bağlı araşdırma aparıldığı üçün hadisənin hansı səbəbdən baş verdiyini dəqiq deyə bilmərik. Lakin bir müəllim və valideyn mövqeyindən çıxış edərək bəzi məsələlərə aydınlıq gətirmək istərdim. Evladlarımız nə zaman aqressiv, idarəedilməsi çətin və qapalı olurlar?
Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a son dövrlərdə baş verən məktəb hadisələri ilə bağlı açıqlama verib. Bununla belə, Zenfira Mustafayeva müəllim və valideyn mövqeyindən çıxış edərək bir sıra mühüm məqamlara diqqət çəkib:
"Uşaqlar aqressiv, qapalı və idarəolunmaz davranışlar nümayiş etdirdikdə bunun arxasında diqqətsizlik, sevgisizlik, ailədaxili psixoloji problemlər, həddindən artıq təzyiq və tənhalıq kimi amillər dayanır. Hətta yaxşı oxuyan şagird belə nəzarətsiz qaldıqda mənfi təsirlərə, o cümlədən qadağan olunmuş oyunlara və ya psixoloji zorakılığa məruz qala bilər. Şagirdin davranışındakı dəyişiklikləri həm müəllim, həm də valideyn vaxtında hiss etməli, onunla ünsiyyət qurmalı idi. Yuxarı sinif şagirdləri ilə davranarkən xüsusi həssaslıq tələb olunur, çünki bu dövrdə şəxsiyyətin formalaşması və psixoloji yetişkənlik prosesi gedir".
QHT rəhbəri sonda bildirib ki, araşdırma başa çatdıqdan sonra hadisənin bütün səbəbləri aydınlaşacaq, lakin bu cür halların qarşısının alınması üçün ailə–məktəb əməkdaşlığı gücləndirilməlidir:
“Müəllim təkcə dərs deyən deyil, eyni zamanda yaxşı psixoloq və şagird üçün güvənilən dost olmağı bacarmalıdır. Valideynlərin məsuliyyəti isə daha böyükdür. Uşaqlara sevgi və qayğı göstərilməli, onların həyatına biganə yanaşılmamalıdır. Sevgi və diqqət içində böyüyən uşaq sağlam və xoşbəxt formalaşır”.
“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin sədri Şahin Rəcəbov isə bildirib ki, məktəblərdə aqressiv davranışların səbəbləri təkcə təhsil müəssisələri ilə məhdudlaşmır. Onun sözlərinə görə, ailə mühiti, sosial şəbəkələr və media məzmunu gənclərin psixoloji durumuna ciddi təsir göstərir:
"Məktəblər yalnız təhsil deyil, həm də tərbiyə ocağıdır və təhlükəsizlik məsələləri dövlət səviyyəsində, müasir texniki vasitələr və valideyn–müəllim əməkdaşlığı ilə həll olunmalıdır".
Pərvanə Fərhadqızı












