Bir neçə gün öncə Bakı şəhərində “İdrak” liseyində baş verən hadisə hər birimizi dərindən sarsıdan və ciddi narahatlıq yaradan ağır hadisədir. Məktəb cəmiyyətin ən təhlükəsiz məkanlarından biri olmalıdır. Müəllim isə uşağa elm verən, gələcəyi formalaşdıran şəxsdir. Belə bir məkanda silahdan istifadə olunması təkcə bir cinayət faktı deyil, eyni zamanda cəmiyyət üçün ciddi həyəcan siqnalıdır.

Bu sözləri Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli QHT.az-a bildirib. Onun sözlərinə görə, bu hadisəyə təkcə emosional reaksiya vermək yox, onu doğuran səbəbləri də düzgün analiz etmək lazımdır. Burada həm ailə tərbiyəsi, həm psixoloji vəziyyət, həm məktəb mühiti, həm də təhlükəsizlik məsələləri diqqətlə araşdırılmalıdır. Çünki məktəbdə müəllimin özünü risk altında hiss etməsi artıq təhsilin keyfiyyətinə və məktəb mühitinə birbaşa zərbə vurur:

"Mən hesab edirəm ki, bu hadisədən sonra əsas məsələ günahkar axtarmaqla kifayətlənmək deyil, gələcəkdə belə təhlükələrin qarşısını alacaq sistemli addımlar atmaqdır. Məktəblərdə giriş-çıxış təhlükəsizliyi gücləndirilməli, nəzarət mexanizmləri ciddi şəkildə qurulmalı, təhlükəli əşyaların məktəbə daxil olmasının qarşısı alınmalıdır. Eyni zamanda psixoloq xidmətinin formal yox, real şəkildə işləməsi, risk qrupunda olan şagirdlərin vaxtında müəyyənləşdirilməsi və profilaktik tədbirlərin gücləndirilməsi vacibdir".

Ekspert həmçinin bildirib ki, bu gün Azərbaycan müəllimi cəmiyyətin ən fədakar təbəqəsidir və belə bir hadisə müəllim nüfuzuna və məktəb mühitinə ciddi zərbədir. Müəllim qorxaraq dərs keçməməlidir. Məktəb qorxu yox, elm və tərbiyə məkanı olmalıdır. Ümid edirəm ki, məsələ ciddi araşdırılacaq və gələcəkdə məktəblərdə təhlükəsizlik daha yüksək səviyyədə təmin ediləcək.

 

Pərvanə Fərhadqızı