“Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım” İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında bildirib ki, Sudanın Darfur bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində minlərlə insan həyatını itirib.
Sudan Azadlıq Əməliyyat Ordusunun (SLM) məlumatına görə, fəlakət bazar günü Darfurun mərkəzindəki Marra dağlarında yerləşən Tarasin kəndində baş verib. Günlərlə davam edən güclü yağış torpaq sürüşməsinə səbəb olub və kəndin böyük hissəsi dağıntılar altında qalıb. Hadisədə yalnız bir nəfərin sağ qaldığı bildirilir.
QHT sədri bildirib ki, Darfurda baş verən torpaq sürüşməsi ölkənin yaxın tarixinin ən ölümcül təbii fəlakətlərindən biri hesab olunur:
"İki ildir davam edən vətəndaş müharibəsi əhalinin yarıdan çoxunu aclığa, milyonlarla insanı isə mübarizəyə sürükləyib. ABŞ rəsmilərinin məlumatına görə, indiyədək 150 minədək insan həlak olub, təxminən 12 milyon nəfər isə evlərini tərk etməyə məcbur olub".
İradə Həsənova vurğulayıb ki, bölgədə yağan güclü yağışlar iqlim dəyişikliyinin fəsadlarından irəli gəlir və Azərbaycan da qlobal iqlim dəyişikliyinin yaratdığı təsirlərlə mübarizəyə ciddi yanaşır:
"QHT-lər və vətəndaş cəmiyyətləri dövlətin iqlim siyasətini dəstəkləyir və bu sahədə genişmiqyaslı işlər aparır. Azərbaycan qlobal iqlim siyasətini dəstəkləyərək bir çox dövlətlə əməkdaşlıq edir".
Pərvanə Fərhadqızı












