İqlim dəyişiklikləri, silahlı münaqişələr və iqtisadi qeyri-müəyyənlik dünyada böhranların sayını artırır. Bu vəziyyət beynəlxalq inkişaf sektorunda təcili humanitar yardımlarla uzunmüddətli dayanıqlığın təmin edilməsi arasında tarazlığın yaradılmasını zəruri edir.
QHT.az xarici mediaya istinadən bildirir ki, ənənəvi donor maliyyələşməsinin azalması və ABŞ-nin xarici yardım strategiyasında dəyişikliklər beynəlxalq inkişaf təşkilatlarını yeni həll yolları axtarmağa sövq edir. Əsas məqsəd böhranlara yalnız operativ reaksiya vermək deyil, gələcək fəlakətlərə davam gətirə bilən güclü sistemlər qurmaqdır.
Bu istiqamətdə qabaqlayıcı maliyyələşdirmə modellərinin genişləndirilməsi və uzunmüddətli investisiyaların artırılması xüsusi əhəmiyyət daşıyır. Belə yanaşmalar böhranların mümkün təsirlərini əvvəlcədən azaltmağa və bərpa prosesini asanlaşdırmağa kömək edə bilər.
Ekspertlərin gözləntilərinə görə, xeyriyyəçilik təşkilatları və özəl kapital gələcəkdə bu sahədə daha böyük rol oynayacaq. Xüsusilə süni intellekt sektorunun inkişafı nəticəsində yaranan yeni maliyyə imkanlarının dayanıqlı inkişaf layihələrinə yönəldilməsi perspektivli hesab olunur.












