Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi tərəfindən həyata keçirilən “Məişət zorakılığı və erkən nikah probleminin aradan qaldırılması üçün maarifləndirici tədbirlərin təşkili” layihəsi çərçivəsində ilk maarifləndirici tədbir təşkil olunub.

QHT.az xəbər verir ki, tədbir Bakının Buzovna qəsəbəsində yerləşən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilib. Tədbirdə təhsil müəssisəsinin 21 tələbəsi iştirak edib.

Layihə çərçivəsində üç ay ərzində ümumilikdə yeddi maarifləndirici tədbirin keçirilməsi nəzərdə tutulub. Əsas məqsəd erkən nikahın və məişət zorakılığının mənfi nəticələri barədə ictimai məlumatlılığın artırılması, mövcud qanunvericiliyin təbliği və bu problemlərin qarşısının alınmasına dəstək göstərilməsidir.

Tədbirdə layihənin təlimçisi Əntiqə Qurbanova erkən nikah problemi, onun yaranma səbəbləri, fiziki, psixoloji və sosial fəsadları barədə ətraflı məlumat verib. O, erkən nikahın xüsusilə yeniyetmələrin təhsil imkanlarına, sağlamlığına və gələcək həyatına mənfi təsirlərindən danışıb.

Təlim zamanı erkən nikaha məcburetmə və qanunvericiliklə qadağan olunan hallara görə nəzərdə tutulan məsuliyyət tədbirləri iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda problemin qarşısının alınmasında dövlət qurumlarının, təhsil müəssisələrinin, ailələrin və vətəndaş cəmiyyəti təşkilatlarının birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

Digər təlimçi Nabat Qəniyeva isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun əsas müddəaları barədə təqdimatla çıxış edib.

Təqdimat zamanı məişət zorakılığının formaları, onun fərdlərə və ailələrə vurduğu zərərlər, zorakılıq qurbanlarının hüquqlarının müdafiəsi və mövcud müraciət mexanizmləri barədə məlumat verilib. Həmçinin zorakılığa məruz qalan şəxslərin aidiyyəti dövlət qurumlarına müraciət imkanları, hüquqi müdafiə vasitələri və müvafiq qurumların bu sahədə vəzifələri izah olunub.

Təlimçilərin hazırladıqları slaydlar mövzuların daha aydın mənimsənilməsinə və iştirakçıların müzakirələrə fəal qoşulmasına şərait yaradıb.

Tədbirin interaktiv hissəsində iştirakçılar dörd qrupa bölünüblər. Hər qrupa mövzularla bağlı üç sual təqdim olunub. Qrupdaxili müzakirələrdən sonra hər qrupun nümayəndəsi əldə olunan nəticələri və irəli sürülən təklifləri iştirakçılarla bölüşüb.

Müzakirələrdə erkən nikah və məişət zorakılığı hallarının qarşısının alınması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi, hüquqi müdafiə mexanizmlərinin təkmilləşdirilməsi və aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikirlər səsləndirilib.

Tədbir iştirakçıların suallarının cavablandırılması və təkliflərinin dinlənilməsi ilə yekunlaşıb.