Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Mədəniyyət Nazirliyinin Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Zəfər gecəsi” inklüziv-mədəni tədbiri keçirilib.

Vətən müharibəsinin 6-cı ildönümünə həsr olunan tədbirdə şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin xalqımızın əbədi qürur mənbəyi olduğu vurğulanıb.

Tədbirdə şəhidlərimizin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər şəxslər iştirak ediblər.

“Zəfər gecəsi”ndə Agentliyin Sosial Xidmət Mərkəzlərində göstərilən xidmətlərdən yararlanan uşaqlardan ibarət “Parla” inklüziv mədəni kollektivi və Səid Rüstəmov adına 3 saylı Uşaq İncəsənət Məktəbinin şagirdləri çıxış ediblər. İştirakçılar vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, mahnılar ifa edib və rəqs nömrələri təqdim ediblər.

Tədbir uşaqlarda vətənpərvərlik ruhunun gücləndirilməsi, onların yaradıcılıq bacarıqlarının inkişafı və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi məqsədi daşıyıb.