“Bakıdan Prezident Əliyevin səsləndirdiyi fikirlər, Azərbaycanın işğala son qoymaq və sülhyaratma təcrübəsi yeni dünya düzəni, qlobal təhlükəsizlik arxitekturası ilə əlaqədar diskursda ciddi konseptual çərçivə kimi qəbul edilir”.
QHT.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli bildirib.
Zaur İbrahimli bildirib ki, Prezident İlham Əliyevin beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyi görüşlər Azərbaycanın İslam dünyası ilə əlaqələrə verdiyi önəmi bir daha təsdiqləyir:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ICESCO və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibləri ilə son görüşü ölkəmizin xarici siyasətində İslam dünyası ilə əlaqələrin nə qədər prioritet təşkil etdiyini bir daha nümayiş etdirir.
Z.İbrahimlinin sözlərinə görə, Azərbaycanın İslam dünyasındakı nüfuzu və sülh diplomatiyası beynəlxalq səviyyədə yüksək qiymətləndirilir:
Azərbaycan İslam ölkələri ilə münasibətləri siyasi-iqtisadi müstəvi ilə yanaşı, güclü mənəvi, mədəni və tarixi bağlar üzərində inkişaf etdirir. Bu strateji xətt Azərbaycanın İslam dünyasının ayrılmaz, etibarlı və aparıcı bir parçası kimi mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın II Qarabağ müharibəsində əldə etdiyi tarixi qələbə, ölkəmizin bölgədə dayanıqlı sülhün əldə edilməsi istiqamətində atdığı strateji addımlar, Prezident İlham Əliyevin sülh diplomatiyası İslam dünyasında yeni baxış, ümid və impuls yaradıb. Azərbaycanın işğala son qoyması, sülhyaratma təcrübəsi İslam coğrafiyasında böyük rəğbət yaradıb. ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevlə dünənki görüşündə bunu xüsusi vurğulayıb.
O qeyd edib ki, Prezident İlham Əliyevin beynəlxalq münasibətlərə dair səsləndirdiyi fikirlər dünya ictimaiyyəti üçün mühüm əhəmiyyət daşıyır:
O, dövlət başçısının VII Mədəniyyətlərarası Dialoq Forumda çıxışının böyük maraq doğurduğunu vurğuladı. O, xüsusilə dünyada münaqişələrin davam etdiyi bir şəraitdə dövlətlərin müharibələrin dayandırılması ilə bağlı Azərbaycanın təcrübəsinə müraciət etməsinin vacibliyini, həmçinin dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə dair Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin müasir beynəlxalq münasibətlər baxımından xüsusi aktuallıq kəsb etdiyini bildirib.
Z.İbrahimli vurğulayıb ki, Azərbaycanın sülh və təhlükəsizlik sahəsindəki təcrübəsi yeni dünya düzəninin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir:
Bakıdan Prezident Əliyevin səsləndirdiyi bu fikirlər, xüsusən sözügedən prinsipləri praktika uğurla tətbiq edən ölkə kimi Azərbaycan təcrübəsi yeni dünya düzəni, qlobal təhlükəsizlik arxitekturası ilə əlaqədar diskursda ciddi konseptual çərçivə kimi qəbul edilir. VII Mədəniyyətlərarası Dialoq Forumda aparılan müzakirələr bir daha bunu göstərdi. Xüsusən İslam ölkələri bu diskursda mühüm yer tuturlar, çünki, davam edən ABŞ-İran müharibəsi, Səudiyyə Ərəbistanı ilə Husi Hərəkatı arasında münaqişə, Fələstin problemi müsəlman ölkələri üçün ciddi çağırışlar yaradıb.
Onun sözlərinə görə, mövcud qlobal çağırışlar fonunda İslam həmrəyliyinin gücləndirilməsində Azərbaycan aparıcı rol oynayır:
Bu çağırışlar İslam həmrəyliyini, müsəlman ölkələrin daha sıx əməkdaşlığı, koordinasiyasını da zərurətə çevirir. Bu istiqamətdə də Azərbaycan ön sıradadır və ciddi addımlar atır. Azərbaycanın müsəlman ölkələri ilə əlaqələri və İslam təşkilatları çərçivəsindəki fəaliyyəti çoxşaxəli, eyni zamanda olduqca məhsuldardır. İƏT və ICESCO kimi mötəbər qurumların ən fəal üzvlərindən biri kimi ölkəmiz qlobal miqyasda İslam həmrəyliyinin güclənməsinə müstəsna töhfələr verir.
Zaur İbrahimli bildirib ki, Azərbaycanın beynəlxalq təşəbbüsləri və İslam təşkilatları ilə əməkdaşlığı müsəlman ölkələrinin birliyinə mühüm töhfələr verir:
Təsadüfi deyil ki, Azərbaycan zaman-zaman İslam ölkələrini bir araya gətirən möhtəşəm tədbirlərə ev sahibliyi etmiş, müxtəlif beynəlxalq platformalara qədər müsəlman ölkələrinin birliyini və inkişafını təşviq etmişdir. Dövlət başçısının bu təşkilatların rəhbərləri ilə daimi və səmərəli dialoqu ölkəmizin ümummüsəlman problemlərinin həllində və ortaq strategiyaların müəyyənləşdirilməsindəki fəal rolunu nümayiş etdirir.
Z.İbrahimlinin fikrincə, Azərbaycanın zəngin mədəni-tarixi irsi və multikulturalizm siyasəti ölkəmizin İslam dünyasındakı mövqeyini daha da gücləndirir:
Azərbaycanın İslam dünyası ilə bağları dərin mədəni-tarixi köklərə əsaslanır. Azərbaycan hər zaman dünyada baş qaldıran islamofobiya meyllərinə qarşı qətiyyətli mübarizə aparıb, sülh, tolerantlıq və multikulturalizm dəyərlərini təbliğ edərək əsl İslam mədəniyyətinin sülhsevər mahiyyətini dünyaya çatdırıb. Şərqlə Qərb arasında həm coğrafi, həm də mənəvi körpü rolunu oynayan Azərabycan, müsəlman ölkələri ilə ikitərəfli və çoxtərəfli əlaqələrini sürətlə inkişaf etdirərək, özünü bu coğrafiyanın ən güclü həmrəylik mərkəzlərindən biri kimi təsdiqləyib.
O xüsusi qeyd edib ki, Heydər Əliyev Fondunun və Leyla Əliyevanın həyata keçirdiyi layihələr İslam mədəniyyətinin təbliğində və humanitar əməkdaşlığın inkişafında mühüm rol oynayır:
Bu istiqamətdə həyata keçirilən mühüm işlərdən bəhs edərkən, Heydər Əliyev Fondunun və onun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyətini mütləq şəkildə xüsusi vurğulamaq lazımdır. Fondun həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda həyata keçirdiyi miqyaslı layihələr, xeyriyyəçilik təşəbbüsləri İslam dəyərlərinin və mədəniyyətinin tanıdılmasına böyük xidmətdir. Onun təşəbbüsü ilə həyata keçirilən humanitar proqramlar, gənclər arasında əsl İslam mənəviyyatının təbliği, habelə müsəlman ölkələri ilə təhsil, səhiyyə və mədəniyyət sahələrində qurulan əməkdaşlıq körpüləri ölkəmizin "yumşaq güc" diplomatiyasının ən uğurlu səhifələrini təşkil edir.
Zaur İbrahimli vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə İslam irsinin bərpası Azərbaycanın ümummüsəlman mədəni dəyərlərinə verdiyi önəmin bariz nümunəsidir:
Nəhayət, Azərbaycanın öz ərazisində , xüsusən də 30 illik işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda İslam irsinin qorunub saxlanmasına və bərpasına göstərdiyi dövlət qayğısı da xüsusi qeyd edilməlidir. Cənab Prezidentin qətiyyətli siyasəti və Heydər Əliyev Fondunun bilavasitə iştirakı ilə erməni vandalizmi nəticəsində dağıdılmış tarixi məscidlərin, ziyarətgahların və dini abidələrin yenidən qurulması təkcə Azərbaycanın deyil, bütövlükdə İslam dünyasının mədəni-tarixi sərvətinin qorunması deməkdir.
Z.İbrahimli sonda bildirib ki, Azərbaycan İslam irsinin qorunması və müsəlman ölkələri arasında mənəvi həmrəyliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir:
Azərbaycan milli-dini kimliyinə sadiqdir və İslam irsinin yaşadılmasında, müsəlman coğrafiyasında mənəvi birliyin təmin olunmasında məhsuldar fəaliyyətini uğurla davam etdirir.












