“Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi və ICESCO-nun Baş direktoru ilə son görüşləri Azərbaycanın İslam dünyası ilə münasibətlərinin qarşıdakı gündəliyini aydın göstərir. Ölkəmiz 2027-ci ildə İƏT-in Zirvə görüşünə ev sahibliyi edəcək və təşkilata sədrliyi həyata keçirəcək. Bu məsuliyyət mövcud əlaqələri yeni təşəbbüslərlə zənginləşdirmək imkanı yaradır. Əsas məsələlərdən biri siyasi əməkdaşlığın təhsildə, mədəniyyətin qorunmasında və sosial sahədə daha çox nəticə verməsidir”.
QHT.az xəbər verir ki, bu fikirləri "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.
Əliməmməd Nuriyev bildirib ki, Azərbaycanın İslam dünyası ilə əməkdaşlığı tarixi və mənəvi dəyərlərə əsaslanan dövlət siyasətinin mühüm istiqamətlərindən biridir: “Azərbaycanın İslam dünyasına bağlılığı xalqımızın tarixindən və mənəvi dəyərlərindən gəlir. Müsəlman ölkələri ilə münasibətlərimizin möhkəmlənməsi bu bağlılığın dövlət siyasətində ifadəsidir. İƏT siyasi dialoq və birgə mövqelər üçün platformadır, ICESCO isə təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığı genişləndirməyə imkan verir”.
Ə.Nuriyevin sözlərinə görə, bu iki istiqamət üzrə əməkdaşlıq Azərbaycanın beynəlxalq təşəbbüslərinin əhəmiyyətini daha da artırır: “Bu istiqamətlərin bir-birini tamamlaması ölkəmizin təşəbbüslərinin təsirini artırır”.
O vurğulayıb ki, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətləri uzunillik əməkdaşlıq ənənələrinə və mühüm tarixi təşəbbüslərə əsaslanır: “1991-ci ildən İƏT-in üzvü olan Azərbaycan təşkilat daxilində böyük əməkdaşlıq təcrübəsi qazanıb. Heydər Əliyevin həmin əlaqələrin genişləndirilməsində xidmətlərinin Baş katib tərəfindən son görüşdə xatırlanması bu münasibətlərin tarixi əsasına verilən qiymətdir. 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması və Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də ölkəmizin müsəlman dünyasını bir araya gətirən təşəbbüslərindəndir”.
Əliməmməd Nuriyev qeyd edib ki, Azərbaycanın İslam dünyası ilə əməkdaşlığında dini-mədəni irsin qorunması və tarixi abidələrin bərpası xüsusi yer tutur: “Bu əməkdaşlıqdan danışarkən öz dini-mədəni irsimizə münasibətimiz üzərində də dayanmalıyıq. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Şamaxı Cümə məscidinin, Şuşada Yuxarı Gövhər Ağa və Saatlı məscidlərinin bərpasında gördüyü işlər bunun konkret nümunələridir. Qarabağda məscidlərin bərpası xüsusi məna daşıyır: həmin abidələrlə birlikdə şəhərlərin tarixi siması və insanların doğma yurdla mənəvi əlaqəsi də bərpa olunur”.
Ə.Nuriyevin fikrincə, Heydər Əliyev Fondunun beynəlxalq humanitar layihələri müsəlman ölkələri arasında həmrəyliyin və qarşılıqlı etimadın güclənməsinə mühüm töhfə verir: “Fondun beynəlxalq humanitar fəaliyyəti isə bu qayğını ölkəmizin hüdudlarından kənara çıxarır. ICESCO-nun Baş direktoru Prezidentlə görüşdə Leyla xanım Əliyeva ilə əməkdaşlığı, onun dəstəyi ilə müsəlman ölkələrində həyata keçirilən humanitar və təhsil layihələrini xüsusi vurğulayıb. 2025-ci ilin dekabrında Fondla ICESCO arasında Nigerin üç regionunda münaqişədən zərər çəkmiş qadınların imkanlarının genişləndirilməsinə dair layihə üzrə sazişin imzalanması belə əməkdaşlığın nümunəsidir. İnsanların çətinliklərinin həllinə kömək edən layihələr ölkələr arasında ictimai etimadı da möhkəmləndirir”.
O bildirib ki, Azərbaycanın dini və mədəni müxtəlifliyə hörmət ənənəsi ölkəmizin beynəlxalq dialoq təşəbbüslərinin etibarlılığını artıran əsas amillərdəndir: “Azərbaycanın İslam irsini qoruması ilə müxtəlif dinlərə və mədəniyyətlərə hörmət ənənəsi bir-birini tamamlayır. Ölkəmizin dialoq təşəbbüslərinin dəyəri də bu təcrübəyə söykənməsindədir. Qarşılıqlı hörmətin cəmiyyət daxilində yaşadılması beynəlxalq səviyyədə səsləndirilən çağırışlara inamı artırır”.
Əliməmməd Nuriyev diqqətə çatdırıb ki, qarşıdakı sədrliyin uğuru həyata keçiriləcək layihələrin davamlılığı və cəmiyyətlərə verəcəyi real faydalarla ölçülməlidir: “Qarşıdakı sədrliyin nəticələrini qiymətləndirərkən davamlı layihələrə, yaranan tərəfdaşlıqlara və onlardan faydalanan insanlara baxmaq lazım gələcək. Təhsil imkanlarının genişlənməsi, mədəni irsin qorunması və həssas qruplara dəstək bu baxımdan faydalı fəaliyyət istiqamətləridir”.
Ə.Nuriyev sonda vurğulayıb ki, Azərbaycan QHT-ləri İslam dünyası ilə əlaqələrin inkişafında daha fəal iştirak etməli və beynəlxalq əməkdaşlığın cəmiyyətlər arasında möhkəmlənməsinə töhfə verməlidirlər: "Vətəndaş cəmiyyəti də öz məsuliyyətini üzərinə götürməlidir. Azərbaycan QHT-ləri müsəlman ölkələrindəki tərəfdaşları ilə gənclər, təhsil və sosial dəstək üzrə birgə layihələr hazırlaya bilərlər. Bizim işimiz görülən fəaliyyət haqqında danışmaqla yanaşı, həmin əlaqələri cəmiyyətlər arasında davamlı əməkdaşlığa çevirməkdir".












