"29 oktyabr Türkiyə tarixinin ən möhtəşəm günlərindən biridir. 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Atatürkün rəhbərliyi ilə türk milləti tarixinin ən ağır sınaqlarından birini şərəflə adlayaraq böyük dövlətlərin işğalçılıq planlarına qarşı iradəsini ortaya qoydu"
QHT.az xəbər verir ki, bu fikirləri Cəmiyyətin İnkişafı Mərkəzinin sədri, siyasi şərhçi Əhməd Abbasbəyli bildirib.
Əhməd Abbasbəyli bildirib ki, Türkiyə Cümhuriyyətinin yaranması türk xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin tarixi nəticəsidir:
“Türk xalqı öz azadlığı və müstəqilliyi uğrunda misilsiz mübarizə apararaq torpaqlarını işğaldan xilas etdi, əsrlərin dərinliklərindən gələn türk dövlətçilik ənənələrini tarix səhnəsindən silmək istəyənlərin niyyətlərini puça çıxardı. Bu tarixi qələbənin məntiqi nəticəsi olaraq Türkiyə Cümhuriyyəti elan edildi və türk xalqı öz gələcəyini özü müəyyənləşdirmək əzmini bütün dünyaya nümayiş etdirdi. Beləliklə, 29 oktyabr yalnız yeni bir dövlətin elan olunduğu tarix deyil, həm də bir millətin yenilməz iradəsinin, azadlıq eşqinin və dövlətçilik əzminin təntənəsinə çevrildi.”
Ə.Abbasbəylinin sözlərinə görə, 29 oktyabr həm də Azərbaycan və Türkiyə xalqlarının ortaq dəyərlərini və tarixi bağlılığını əks etdirən əlamətdar gündür:
“Bu gün Türkiyə xalqının milli iradəsinin, müstəqillik əzminin və dövlətçilik ənənələrinin rəmzidir. Azərbaycan və Türkiyə xalqları üçün isə bu tarix xüsusi məna daşıyır. Tarixi köklər, ortaq dil və mədəniyyət, sarsılmaz qardaşlıq münasibətləri iki ölkəni birləşdirən əsas dəyərlərdəndir.”
O vurğulayıb ki, Azərbaycan–Türkiyə münasibətləri sarsılmaz qardaşlıq prinsipləri əsasında inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə yüksəlib:
“Bir millət, iki dövlət prinsipi ilə möhkəmlənən Azərbaycan–Türkiyə qardaşlığı bu gün siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Türkiyənin gücü və uğurları Azərbaycanın sevincidir, Azərbaycanın nailiyyətləri isə Türkiyədə qürurla qarşılanır.”
Əhməd Abbasbəyli sonda Türkiyə xalqını Cümhuriyyət Günü münasibətilə təbrik edərək iki qardaş ölkə arasında birliyin daim möhkəmlənməsini arzulayıb:
“Bu əlamətdar gün münasibətilə qardaş Türkiyə xalqını təbrik edir, Türkiyə Cümhuriyyətinə davamlı inkişaf, tərəqqi və yeni uğurlar arzulayıram. Azərbaycan–Türkiyə birliyi və qardaşlığı daim möhkəm olsun!”












