Cənubi Koreyanın texnologiya nəhəngi Samsung Electronics süni intellekt çiplərinə artan tələbat sayəsində rekord rüblük mənfəət əldə edib. Lakin qlobal texnologiya bazarının gələcəyi ilə bağlı narahatlıqlar investorların gözləntilərinə təsir göstərib və şirkətin səhmlərinin ucuzlaşmasına səbəb olub.
QHT.az xarici mediaya istinadən bildirir ki, Şirkətin açıqladığı məlumatlara görə, iyul-sentyabr aylarında əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 780 faizdən çox artaraq 107,4 trilyon vona (80,5 milyard dollar) çatıb. Bununla da Samsung rüblük əməliyyat mənfəəti 100 trilyon vonu keçən ilk texnologiya şirkəti olub.
Həmin dövrdə xalis mənfəət 510 faizdən çox artaraq 75,1 trilyon vona, ümumi satışlar isə 195,3 trilyon vona yüksəlib.
Dünyanın ən böyük yaddaş çipi istehsalçısı olan Samsung süni intellekt sistemlərini dəstəkləyən məlumat mərkəzlərinə tələbatın artmasından faydalanır. Süni intellekt modellərinin hazırlanması və işlədilməsi üçün istifadə olunan yüksək tutumlu yaddaş çiplərinə, xüsusilə HBM texnologiyasına maraq bazarda təchizat çatışmazlığı yaradıb.
Şirkət açıqlamasında yaddaş bölməsinin istehsal imkanları məhdud olsa da, məhsul çeşidini süni intellektə yönəlmiş çiplərə uyğunlaşdırdığını və daha bir rekord rüb keçirdiyini bildirib.
HBM çiplərinə artan tələbat onların qiymətlərinin yüksəlməsinə səbəb olmaqla yanaşı, istehsalçıların diqqətini ənənəvi yaddaş çiplərindən də yayındırıb. Bu vəziyyət gündəlik elektronika məhsullarında istifadə olunan yaddaş komponentlərinin təchizatına təsir göstərərək smartfon və noutbukların qiymətlərinin artmasına şərait yaradıb.












