Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə 3 saylı Bakı "ASAN xidmət" mərkəzində satış-sərgi keçirilib.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Beynəlxalq Qayğı və Dəstək Günü” münasibətilə təşkil edilən sərgidə əlilliyi olan 19 gəncin 1130 əl işi ziyarətçilərə təqdim olunub.

Nümayiş etdirilən əl işləri Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarları tərəfindən hazırlanıb. Sərgidə dulusçuluq, xalçaçılıq, rəssamlıq, toxuculuq, dərzilik və digər sənət sahələrinə aid rəngarəng əl işi nümunələri satışa çıxarılıb.

Bu cür tədbirlər əlilliyi olan şəxslərin peşə bacarıqlarını və yaradıcılıq potensialını ictimaiyyətə tanıtmaq, iqtisadi fəallıqlarını və özünüməşğulluq imkanlarını dəstəkləmək, eləcə də onların sosial inteqrasiyasına töhfə vermək məqsədilə mütəmadi olaraq təşkil edilir.