“Ofisimizə daha bir müraciətdə uzun müddətdir əri tərəfindən zorakılığa məruz qalan xanıma kömək istənilib. Xanım və əri (artıq keçmiş) hər ikisi həkimdir. İki azyaşlı övladları var. Kişi zorakılığa meyillidir, həm də "evdağıcıdır". Ailənin olan maddi və maliyyə imkanlarını artırmaq əvəzinə, onları dağıtmaqla məşğuldur”.
QHT.az xəbər verir ki, bu sözləri Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım Ictimai Birliyinin sədri Zenfira Mustafayeva bildirib. QHT sədri qeyd edib ki, xanımın atası öz evini bağışlayır qızının ailəsinə, özü köçür bağa, sonra bağının da bir hissəsini bağışlayır qızının ailəsinə: “Qaynatanın bağışladığı evi ər satdırır və ailə köçür bağa. Bu illər ərzində ər müntəzəm olaraq arvadını döyür, onun və uşaqların yaşayışını cəhənnəmə döndərir. Dəfələrlə xanımı öldürməklə hədələyir. Xanım dəfələrlə polisə müraciət edir, amma oxşar digər hallarda olduğu kimi bu şikayətlərə biganə yanaşılıb, polislərin səyləri yalnız tərəfləri barışdırmağa, işi ört-basdır etməyə yönəlib. Nəhayət bu ilin əvvəlində xanım boşanmağa nail olur. Onlar ayrı yaşasalar da, keçmiş ər uşaqları görmək bəhanəsi ilə tez-tez xanımın yaşadığı evə gəlir, hər dəfə də onu döyür. Xanımın polisə yeni şikayətləri yenə heç bir nəticə vermir. Bəzi hallarda polisin yaratdığı şərait hesabına kişi xanımı şikayəti geri götürməyə məcbur edə bilirdi”.
Zenfira Mustafayeva qaynata olayını danışır ki, demək qadının növbəti şikayətini araşdıran polis əməkdaşı öz otağını tərk edir ki, zorakı şəxs və qurbanı ikilikdə qalıb barışığa gəlsinlər: “Kişi də bundan istifadə edib bıçaq çıxardaraq xanımın boğazına dirəyir və bu təhdid ilə onun barışığa razılığını alır. Təqribən 2 ay əvvəl kişi yenə xanımın yaşadığı evə gəlir, hər dəfə olduğu kimi qadını döyür. Qadın 102 və yaxında yaşayan atasına zəng edir. Hadisə yerinə gələn ata da zorakılığa məruz qalır. Keçmiş ər keçmiş qaynatasını yerə yıxıb döyür. Qadın güclə atasını keçmiş ərinin əlindən ala bilir. Polis hər üçünü ekspertizadan keçirib. Məlum olub ki, hamısında yüngül xəsarət var. Polis cinayət işinin başlanmasından imtina edib. Kişi barədə iki nəfərin döyülməsi ilə, qadın barədə isə keçmiş ərini döymək əsası ilə inzibati xəta haqqında icraat başlayıblar. Güya qadın öz dırnaqları ilə kişinin boynunu cırmaqlayıb. Qadın da deyir ki, atasını xilas etməyə çalışanda mümkündür ki, belə xəsarət yetirilsin. Bir sözlə polis həmişəki kimi "nə şiş yansın, nə kabab" prinsipi ilə hərəkət edib”.
Bu işi aparacaq vəkilin qarşısında iki vəzifənin 1) xanım haqqında olan protokol üzrə icraata xitam verilməsi və 2) zorakılığı törətmiş şəxsə cəzanın maksimum həddinin tətbiqi, eyni zamanda məhkəmə tərəfindən uzunmüddətli mühafizə orderinin verilməsi məsələlərinin durduğunu bildirən QHT sədri qeyd edib ki, cinayət işinə baxılan zaman məhkəmənin öz təşəbbüsü ilə mühafizə orderinin verilməsi təcrübəsi artıq var: “Görək inzibati xəta əməlinə baxan məhkəmə buna gedəcəkmi? Yaxşı olardı ki, bu məsələ qanunvericilikdə öz əksini tapsın. Nəql etdiyim bu hekayə həmçinin bir daha təsdiq edir ki, məişət zorakılığı cinayət və inzibati xətalar məcəllələrində müstəqil əməl kimi öz əksini tapmalı, bu əməllərin araşdırılması qaydası qanunvericiliklə müəyyən edilməlidir. Ən əsası isə bu əməllərin araşdırılması sahəsində ixtisaslaşma aparılması vacibdir. Bu hekayədə bir özəllik də var. Ədatən məişət zorakılığının maddi təminatı zəif, yüksək təhsili olmayan ailələrdə baş verməsini müşahidə edirik. Bu misalda isə zorakı insan ali təhsilli həkimdir, hər ikisi inanclı insandır, bu səbəbdən kişinin alkoqol asılığı yoxdur. Amma kişi tez-tez qadından tələb edir ki, "halallıq ver, bir arvad da alım". Görünür bu sahədə çoxlu sayda hüquqi və psixoloji tədqiqatlar və qiymətləndirmə aparılmasına ehtiyac vardı”.
Pərvanə Fərhadqızı












