"2025-ci il rəhbərlik etdiyim QHT üçün uğurlu və məhsuldar bir il oldu. Bu dövr ərzində bir sıra əhəmiyyətli layihələrə imza atdıq, fəaliyyət dairəmizi genişləndirdik və QHT-mizi beynəlxalq sferada tanıtmağa nail olduq. Beynəlxalq əməkdaşlıqlar sayəsində həm təcrübə mübadiləsi apardıq, həm də yerli təşəbbüslərimizi qlobal müstəvidə təqdim etmək imkanı qazandıq. Bu, təşkilatımızın  inkişafı və gələcək perspektivləri baxımından mühüm mərhələ oldu".

Bu sözləri "Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin sədri Aytən Həsənova QHT.az-a bildirib. O qeyd edib ki, ümumilikdə, Azərbaycan QHT-lərinin beynəlxalq platformalarda təmsilçilik səviyyəsini orta səviyyədə qiymətləndirirəm, müsbət dinamika müşahidə olunsa da, hələ görüləsi işlər kifayət qədərdir:

"Vətəndaş cəmiyyətinin güclənməsi üçün hər bir QHT öz fəaliyyətini müasir çağırışlara və beynəlxalq tələblərə uyğun şəkildə formalaşdırmalıdır. Peşəkarlıq, şəffaflıq və nəticəyönümlü fəaliyyət bu sahədə əsas meyarlar olmalıdır".