“Mədəni İnkişafın Təbliği” İctimai birliyinin sədri, şair  Xatirə Fərəclinin  Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi  Şuşa və Xudafərin səfərlərinə həsr etdiyi şeirlər.

 

 

 

Şuşa

 

Bir dünya həsrətdir, bir ürək vüsal,

Həyatdır –söz ilə ifadəsi yox.

Özüdür, gözüdür Qarabağımın,

Dosta fəxarətdir, yad gözünə ox.

 

Biz necə yaşadıq bu otuz ildə,

Necə nəfəs aldıq Şuşasız necə?

Zülmün zərdabını əmdikcə Şuşa

Asıldı zülmətdən hər yorğun gecə.

 

Əldən qurtarılmış qız kimi indi

Seyrəlir ruhundan çəkdiyi acı,

Sınıxıb çiçəklər, əzgindir hələ

Qan ilə sulanan kolu, ağacı.

 

Igid oğulları könlünü aldı,

Indi Zəfərindən dünya danışır.

Dik tutub başını, durub yüksəkdə

Doğma Şuşamıza zəfər yaraşır.

 

28.12.2021 

 

 

 

 

 

 

 

Xudafərin

 

Mən səndən keçə bilmirəm,

sən mənim

 ürəyimin başından keçirsən, Xudafərin,

nə baxırsan nisgilli,

həsrət-həsrət?! 

Sevə-sevə qoyulub bir zaman təməlin,

hər daşında sığalı var bir əlin.

Gurhagur dövrün olub,

karvanlar keçib üstündən,

insanlar keçib.

Körpü – vüsal demək,

yola can verən- 

onu tapdayıb keçənlər,

yolçusu olmayanda 

yetim qalar yol, körpü,

sükut yara bağrını,

səssizlikdən dağılar,

çatladıb qoparar daşlarını ağrılar.

Hələ ki həsrətlisən,

gözümüzə dağ,

müsibətimizin heykəli...

Bəlaların tükənmir ki.

Bu gün bir az sevinir o yol çəkən gözlərin,

qoxusunu aldın zəfərin.

Gözlə,

gözlə, o biri  böyük günü, Xudafərin.

 

25.12.2021.