29 dekabr 2021-ci il tarixdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən Şuşa şəhərinə təşkil olunan səfərdə müxtəlif sahələrdə fəaliyyət göstərən QHT və media təmsilçisi iştirak edirdi. Mən də bu səfərin iştirakçısı olduğumdan İlk öncə bu səfərləri təşkil edən Agentliyin rəhbər işçilərinə və nümayəndələrinə öz dərin təşəkkürümü bildirirəm. Mənim üçün səfərin mahiyyəti təkcə Şuşanı görmək deyildi. ...
Füzuli rayonunda azad olunmuş ərazilərə daxil olduqda vaxtı ikən bu ərazilərdə nə qədər ümidin qırıldığı və bu gün nə qədər ümidin doğacağını gördüm. Uçub dağıdılmış, məhv edilmiş evlər (mən evlər yox talelər, arzular, ümidlər deyərdim) var bu torpaqlarda. Mənfur düşmənin səngərləri, məhv edilmiş tank və hərbi sursatlar, minalanmış ərazilər müharibənin izləridir burada.
Cənab Prezident, Ali baş Komandan İlham Əliyevin göstərişi ilə operativ surətdə inşa edilən “Zəfər yolu” bizi tez bir zamanda Azərbaycanın Mədəniyyət Paytaxtı, qədim Şuşa şəhərinə çatdırdı. Dillər əzbəri Şuşanın gözəlliyi mənfur düşmən tərəfindən acınacaqlı vəziyyətə düşüb. Şuşada olmağım məni nə qədər fərəhləndirsə də, onun hazırki mənzərəsi daha çox məyus etdi. Şuşalı həmkarlarımdan biri evlərini axtarıb tapmışdı. Deyirdi düşmən evimizin taxtalarını çıxararaq odun kimi istifadə edib. Bu nə millətdir ilahi ? Bunlara hər hansı bir ad vermək olmur.
Yırtıcı, dağıdıcı, məhv edici, hiyləgər, kibirli, kinli... düzgün ifadə ediləcək söz leksionumuzda yoxdur. Məncə bu vəhşilikləri söz hələ yoxdur. Dağıdılmış, yandırılmış, məhv edilmiş evlər və ümidlər. 30 il ərzində daşı daş üstünə qoymayan mənfur düşmən! Bizim igid oğullarımız artıq bizim olanı bizə qaytarıb və artıq biz burada yenidənqurma işlərinə başlamışıq. Məhv etdiyiniz şəhərlərimizin, yurdlarımızın hamısını bərpa edəcəyik. Biz Sizin kimi deyilik. Biz dağıdan yox, qurub - yaradan, yaşadan xalqıq! Zaman gələcək İnşəAllah bu gün Şuşaya və digər torpaqlara getdiyimiz kimi Xankəndimizə də gələcəyik. Bunu qəbul edin ki, bu torpaqların əbədi sahibləri var və bundan sonra daha möhkəm qorunur!
Şuşada “Cıdır düzü”ndə tar ifası, çörək sexinə gedərkən bir gənc tərəfindən məlahətli səslə ifa edilən muğam məni heyran etdi. Onun ifasına qulaq asdıqca Şuşanın nə qədər ilhamverici bir şəhər olduğunu da hiss etdim. Qeyri ixtiyari gəncin ifasına əl çalaraq Şuşa şəhərinə ezam olunmuş AZƏRİŞIĞın işçisi olduğunu da öyrəndim.
Şuşaya gedərkən o cəngəlliklərlə dolu enişli-yoxuşlu dağ yollarını qalxan igid oğullarımızın şücaətinə heyran olmamaq olmur. Heyranam vətən oğullarına. Allah Sizi qorusun! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Biz Sizin sayənizdə o torpaqlara, o yerlərə ayaq basa bilirik. Haqqınızı halal edin.
Təranə Musayeva
“Əlilliyi olan şəxslərə sosial dəstək” İB sədri












