“Hal-hazırda Kanadanın Azərbaycan Respublikasındakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirtdiyimiz “Azərbaycanda mina və PHS probleminin həllinə yönəlmiş tədqiqata əsaslanan hesabatın hazırlanması, minaların və PHS-in qurbanlara və icmalara təsirinin öyrənilməsi” layihəsi davam edir. Layihə çərçivəsində Azərbaycan Respublikasının bütün ərazisində, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə mina/PHS problemi ilə bağlı təhqiqat apararaq hesabat hazırlamaq, qərar qəbul edən şəxslər, QHT-lər və geniş ictimaiyyət arasında məlumatlılığın artırılması və mina/PHS-lərin qurbanlara və icmalara, xüsusən də azad edilmiş ərazilərə geri qayıdanlara təsirinin öyrənilməsi məqsədilə tədqiqatların aparılması işləri həyata keçirilir”.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bu sözləri QHT.az-a açıqlamasında bildirib.

Qeyd edək ki, təşkilat ötən ilin sonunda Bakıda Milli Məclis üzvlərinin, ANAMA, müvafiq nazirliklərin, Ombudsman Aparatının, Avropa birliyi ölkələrinin və Böyük Britaniya səfirlərinin, ABŞ və Fransa səfirliyinin, beynəlxalq təşkilatların (BMT İP, BQXK), beyin mərkəzlərinin, QHT-lərin, mina qurbanlarının, müstəqil ekspertlərin və medianın iştirakı ilə iki böyük tədbir təşkil edib. Bu tədbirlərdə Azərbaycandakı mina problemləri, minalarla mübarizə, beynəlxalq birliyin bu problemin həllində rolu və s məsələlər ətraflı müzakirə olunub. Bu tədbirlərin cəmiyyətə çox böyük təsiri olduğu indi də hiss olunur. 

 

Pərvanə Fərhadqızı