“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi (BƏC İB) və “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İctimai Birliyi və “Əlillər Dünyası” qəzetinin əməkdaşları - sədr və Baş redaktor Tahir Xudiyev, İdarə Heyəti üzvü, şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası Mətanət xanım, İdarə Heyəti üzvü, filologiya elmləri doktoru, BDU-nun professoru, Əməkdar jurnalist, ədliyyə polkovniki Allahverdi Məmmədli, İdarə Heyəti üzvü Məlahət Abdullayeva, BƏC İB -in üzvü Yardımlı rayonu Bəydili kənd sakini Mirsahib Zəkiyev, BƏC İB-in üzvü, 2-ci qrup əlil Tahir Quliyev bu yaxınlarda Yardımlı rayonunda əlilliyi olan insanlar, şəhid ailələri, qazilər və digər imtiyazlı şəxslərlə görüş keçiriblər.

QHT.az xəbər verir ki, görüşdən sonra onlar 4500 ildən çox tarixə malik Yardımlı rayonunun Perimbel kəndində Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, orada əlilliyi olan və digər imtiyazlı şəxslərlə də görüşüblər. Onlar kənd sakinləri - İmam Hüseynin oğlu IV İmam Bimar Zeynalabdinin övladları Həzrəti Xəlifə Kəmaləddin, Həzrəti Xəlifə Qiyasəddinin nəslinin layiqli davamçılarından olan, rayon ağsaqqallarından “Beynəlalq Əlillər Cəmiyyəti”nin üzvü, şair Hacı Mirsəfər, Hacı Mirəkbər və Hacı Mirəşrəf Fətiyev qardaşlarının qonağı olublar.    

Əməkdaşlar Həzrəti Xəlifə Kəmaləddinin, Həzrəti Xəlifə Qiyasəddinin mübarək qəbri-şəriflərini və digər müqəddəs tarixi yerləri, eləcə də Fətiyev qardaşlarının atası Hacı Mir Cəfər Ağa Mirəmən oğlu və anası Hacı Bəstiqız xanım Məşədi Mirbəgiş qızının məzarlarını da ziyarət edib, ruhlarına dualar oxuyublar. Hacı Mirsəfər, Hacı Mirsahib və Yardımlı Rayonu İcra Hakimiyyətinin Perimbel kənd nümayəndəliyinin rəhbəri Miribadulla Qubadov həmin müqəddəs ziyarətgahlar, tarixi məkanlar barədə ətraflı məlumatlar veriblər.

Tahir Xudiyev yüksək səviyyədə qarşılanma, xüsusi qonaqpərvərlik üçün bütün kənd sakinlərinə, ağsaqqal və ziyalılarına, eləcə də Hacı Mirsəfər, Hacı Mirəkbər və Hacı Mirəşrəf Fətiyev qardaşlarına bütün kollektiv adından dərin təşəkkürünü bildirib.