Ötən gün Bakıdakı 286 nömrəli orta məktəbin doqquzuncu sinif şagirdi sinif yoldaşının üzərinə spirtli içki töküb alışqanla yandırıb. 2011-ci il təvəllüdlü yeniyetmə Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə yerləşdirilib. Son illərdə yeniyetmələr arasında aqressiyanın artması ciddi narahatlıq doğurur.

Mövzu ilə bağlı psixoloq-loqoped Könül Əhmədova QHT.az-a açıqlama verib.

Könül Əhmədova bildirib ki, yeniyetmələrdə aqressiyanın əsas səbəbləri ailədaxili problemlər və emosional dəstək çatışmazlığıdır: "Qeyd edim ki, son illərdə yeniyetmələr arasında aqressiyanın artmasının bir neçə əsas psixoloji səbəbi var. Ən başlıca səbəblərdən biri müasir dövrdə ailədaxili münasibətlərdəki problemlərdir. Bu zaman uşağın emosional dəstək görməməsi və diqqət çatışmazlığı mühüm rol oynayır".

Psixoloq vurğulayıb ki, sosial şəbəkələr yeniyetmələrin davranışlarına ciddi təsir göstərərək aqressiyanı artıra bilər: "İkinci aspekt kimi sosial şəbəkələrin təsirini qeyd etmək olar. Sosial şəbəkələr uşaqların davranışlarına ciddi təsir edir. Hamımıza məlumdur ki, yeniyetməlik dövrü özü də çox həssas bir mərhələdir: kimlik axtarışı, özünü sübut etmək istəyi və emosiyaların intensiv şəkildə yaşanması bu dövrə xasdır. Bütün bu amillər birləşərək aqressiyanın artmasına səbəb olur. Eyni zamanda, emosiyaları idarə etməkdə çətinlik də aqressiyanı gücləndirir".

Könül Əhmədova qeyd edib ki, aqressiyanın qarşısının alınması üçün valideyn və müəllimlərin əməkdaşlığı vacibdir: "Buradan belə bir sual yaranır "bunun qarşısını necə almaq olar?" İlk növbədə valideynlər uşaqlarla açıq ünsiyyət qurmalıdır. Onları dinləməli, mühakimə etmədən dəstək olmalıdırlar. Evdə sağlam psixoloji mühitin olması son dərəcə vacibdir

Müəllimlər isə məktəbdə uşaqları daha diqqətlə müşahidə etməlidirlər. Onların davranışındakı dəyişiklikləri vaxtında fərq etmək çox önəmlidir. İstər valideyn, istərsə də müəllim bu dəyişiklikləri gördükdə məktəbin psixoloqu ilə əməkdaşlıq etməlidir".

Psixoloq vurğulayıb ki, aqressiyanın azaldılması üçün emosiyaların düzgün ifadəsi və faydalı fəaliyyətlərə yönləndirmə mühümdür: "Konkret addımlara gəldikdə isə, birincisi, valideynlər uşaqlara emosiyalarını düzgün ifadə etməyi öyrətməlidirlər. Aqressiyanı azaldan fəaliyyətlərə yönləndirməlidirlər. Bu fəaliyyətlərə idman, yaradıcılıq və müxtəlif bədii məşğuliyyətlər daxildir.

İkinci olaraq, məktəblərin üzərinə böyük məsuliyyət düşür. Məktəblərdə psixoloji maarifləndirmə gücləndirilməli, seminarlar təşkil olunmalıdır. Həm valideynlər, həm də məktəblər sosial medianın istifadəsinə nəzarəti balanslı şəkildə təmin etməlidirlər.

Könül Əhmədova bildirib ki, hər bir yeniyetməyə dəyərli olduğu hissi aşılanmalıdır: Sonda isə bir fikri vurğulamaq istərdim: istər müəllim, istər valideyn olsun, hər bir yeniyetməyə bu mesaj verilməlidir — sən dəyərlisən və tək deyilsən. Bu hissin olduğu yerdə aqressiya azalır".

Fatimə Nəbiyeva