Ramazan ayı münasibətilə aztəminatlı, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə iftar süfrəsi təşkil olunub. Tədbir “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyinin təşəbbüsü və xeyirxah insanların dəstəyi ilə həyata keçirilib.
Tədbir çərçivəsində uşaqlara isti yeməklər təqdim olunub və onlarla birlikdə iftar açılıb. Səmimi və isti atmosferdə keçən görüş zamanı uşaqlarla söhbətlər aparılıb, onların sevincini bölüşmək üçün müxtəlif sosial və əyləncəli fəaliyyətlər təşkil edilib.
İftar proqramının ən təsirli məqamlarından biri xüsusi qayğıya ehtiyacı olan bir uşaq üçün təşkil olunan ad günü şənliyi olub. Ad günü tortunun təqdim edilməsi zamanı zalda duyğulu anlar yaşanıb. Uşağın alqış sədaları altında şamları üfürməsi tədbir iştirakçıları üçün yaddaqalan və kövrək bir an kimi yadda qalıb.
Bununla yanaşı, uşaqlar üçün gəzinti və kino seyrinə də imkan yaradılıb. Onlar gündəlik qayğılardan bir qədər uzaqlaşaraq həmyaşıdları ilə birlikdə əylənmək və xoş vaxt keçirmək imkanı əldə ediblər. Belə sosial tədbirlərin uşaqların psixoloji rifahının yaxşılaşdırılması və cəmiyyətə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Qeyd olunub ki, tədbirin reallaşmasında xeyirxah insanların maddi və mənəvi dəstəyi xüsusi rol oynayıb. Onların sosial məsuliyyət və həmrəylik nümunəsi göstərməsi sayəsində bir neçə ailənin sevincinə səbəb olan bu təşəbbüs həyata keçirilib.
Təşkilatçılar bildiriblər ki, bu kimi sosial təşəbbüslər cəmiyyətdə həmrəyliyin güclənməsinə, ehtiyacı olan insanlara dəstəyin artırılmasına və uşaqların daha qayğıkeş mühitdə böyüməsinə xidmət edir.












