2026-cı il üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinin demək olar ki, tam açıqlandığını bildirən təhsil eksperti Ramin Nurəliyev abituriyentlərə ixtisas seçimi zamanı əmək bazarının tələblərini nəzərə almağı tövsiyə edib.

QHT.az-a açıqlama verən ekspert qeyd edib ki, yekun statistikanın açıqlanmasından sonra avqustun 10-20-si aralığında ixtisas seçiminin keçirilməsi gözlənilir. Onun sözlərinə görə, abituriyentlər perspektivi olmayan ixtisaslar əvəzinə gələcəkdə iş imkanları geniş olan sahələrə üstünlük verməlidirlər.

Ramin Nurəliyev bildirib ki, ixtisas seçimi abituriyentin topladığı bala uyğun aparılmalıdır. O hesab edir ki, məsələn, 500 bal toplamış abituriyent daha aşağı keçid balı olan ixtisaslara deyil, öz nəticəsinə uyğun daha prestijli ixtisaslara müraciət etməlidir. Ekspert vurğulayıb ki, düzgün seçim üçün əvvəlki illərin keçid balları, plan yerlərindəki dəyişikliklər və statistik göstəricilər diqqətlə təhlil olunmalıdır.

Ekspertin proqnozuna görə, bu il III ixtisas qrupunda, xüsusilə yüksək bal intervalında keçid ballarında enmə müşahidə oluna bilər. Bununla yanaşı, aşağı bal intervalında ciddi rəqabətin qalacağı gözlənilir. O bildirib ki, blok imtahanında 100 bal həddini keçə bilməyən abituriyentlərin seçim imkanlarının məhdud olması aşağı ballı ixtisaslarda rəqabəti artıracaq.

Ramin Nurəliyevin sözlərinə görə, IV ixtisas qrupunda isə vəziyyət fərqlidir. O qeyd edib ki, son blok imtahanında 15 nəfərin maksimum nəticə göstərməsi yüksək bal toplayanların sayının artdığını göstərir. Bu səbəbdən həmin qrup üzrə keçid ballarının aşağı düşəcəyini proqnozlaşdırmaq çətindir və əksinə, ciddi rəqabət gözlənilir.

Ekspert V ixtisas qrupunda, xüsusilə dizayn ixtisaslarında da rəqabətin artacağını bildirib. O bunu qəbul qaydalarındakı dəyişikliklə əlaqələndirib. Belə ki, əvvəlki illərdə dizayn ixtisaslarında üstünlük qabiliyyət imtahanının nəticələrinə verildiyi halda, bu ildən əsas üstünlük buraxılış imtahanının nəticələrinə veriləcək.

Ramin Nurəliyev əlavə edib ki, kompüter yönümlü ixtisaslarda plan yerlərinin və dövlət sifarişli yerlərin artırılması aşağı bal toplayan abituriyentlər üçün də qəbul imkanlarını genişləndirə bilər.

Ekspertin sözlərinə görə, ən çox maraq göstərilən ixtisaslar qruplar üzrə fərqlənir. I qrupda kompüteryönümlü ixtisaslar, qida mühəndisliyi və logistika, II qrupda maliyyə, iqtisadiyyat, beynəlxalq ticarət və logistika, III qrupda hüquq, beynəlxalq münasibətlər və müəllimlik, IV qrupda tibb, psixologiya və biotexnologiya, V qrupda isə idman və dizayn ixtisasları abituriyentlərin ən çox üstünlük verdiyi istiqamətlər sırasında yer alır.