22 İyul – Milli Mətbuat Günü münasibətilə dövlət rəsmiləri, ictimai xadimlər və vətəndaş cəmiyyəti nümayəndələri media nümayəndələrini təbrik edərək milli mətbuatın cəmiyyətin inkişafındakı rolunu vurğulayırlar. Təbriklərə qoşulanlardan biri də Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli olub. O, mətbuatın azad, qərəzsiz və peşəkar fəaliyyətinin demokratik cəmiyyətin əsas şərtlərindən biri olduğunu bildirib, eyni zamanda QHT.az-ın vətəndaş cəmiyyətinin fəaliyyətinin işıqlandırılmasındakı rolunu yüksək qiymətləndirib.
İlqar Hüseynli bildirib ki, mətbuat cəmiyyəti, ictimaiyyəti, dövləti və dövlət qurumlarını daim nəzarətdə saxlayan, ictimai nəzarət funksiyasını yerinə yetirən mühüm təsisatdır.
Onun sözlərinə görə, mətbuat tamamilə azad, qərəzsiz və tərəfsiz fəaliyyət göstərməli, hər hansı qurumun təsiri altında olmadan doğru və dürüst informasiyanı cəmiyyətə çatdırmalıdır.
İctimai birlik sədri qeyd edib ki, bu gün Azərbaycan milli mətbuatının qarşısında müəyyən problemlər olsa da, ölkədə peşəkar jurnalistika ənənələrini yaşadan, milli mətbuatın inkişafına mühüm töhfələr verən çoxsaylı jurnalistlər fəaliyyət göstərirlər.
“Məhz belə peşəkar jurnalistlər Azərbaycan milli mətbuatının inkişafında, onun cəmiyyətə qərəzsiz və tərəfsiz informasiya mənbəyi kimi təqdim olunmasında əvəzsiz rol oynayıblar”, – deyə o vurğulayıb.
İlqar Hüseynli həmçinin sektoral istiqamətdə fəaliyyət göstərən media qurumlarının da əhəmiyyətini qeyd edərək, QHT.az-ın vətəndaş cəmiyyətinin fəaliyyətinin işıqlandırılmasında mühüm rol oynadığını bildirib.
“QHT.az saytı Azərbaycan vətəndaş cəmiyyətinin uğurlarının, həyata keçirilən layihələrin ictimaiyyətə çatdırılmasında ciddi rola malik media platformalarından biridir. Bu münasibətlə QHT.az kollektivini, başda Cəsarət Bəy olmaqla bütün əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayıram”, – deyə İlqar Hüseynli qeyd edib.












