"Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) seçki qərərgahı, müşahidəçiləri olaraq biz bu gün növbədənkənar prezident seçkilərində fəaliyyətə başladıq. Yasamal, Nəsimi, Səbail və Nərimanov rayonlarında seçki məntəqələrində müşahidələr apardıq və seçkilərin şəffaf, ədalətli və demokratik mühitdə, şəraitdə keçirilməsinin şahidi olduq. Seçki aktivliyi, seçki fəallığı, seçici fəallığı yüksək səviyyədə müşahidə olunurdu. Bu da bizi sevindirirdi".
Bu fikri Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə seçicilərin, vətəndaşlarımızın seçkilərə çox böyük maraq göstərdiklərinin şahidi olduq. Bu fəallığın müəyyən mənada müəyyən sıxlıq yaratdığını bildirən QHT sədri Yasamal 16 saylı məntəqəsində seçici işinin düzgün təşkil olunmaması seçicilərin uzun müddət gözləməsinə səbəb olduğunu da vurğulayıb: “Biz təşəbbüs qaldırandan sonra dairə seçki komissiyasının sədri məntəqəyə dəvət olundu. Problem öz həllini tapdı. MQF-lar öz işini yaxşı təşkil etmişdirlər. Çəkdiyimiz fotolar bu faktları təsdiq edir. Ölkədə keçirilən növbədənkənar prezident seçkilərinin nə qədər tarixi əhəmiyyət kəsb etdiyinin şahidi olduq”.
Rauf Zeyni MQF seçki qərargahı və MQF seçki müşahidəçiləri öz fəaliyyətlərini müxtəlif dairə və məntəqələrdə davam etdirdiklərini də bildirib: “Regionlardan aldığımız məlumata görə, 40 rayondan çox ərazidə, 400-dən çox müşahidəçi, 500- ə yaxın məntəqədə 213 müşahidəçimiz fəaliyyət göstərir. Onlar məntəqələrdə müşahidələr edirlər. Aldığımız məlumata görə, seçkilər şəffaf, demokratik, azad mühitdə keçirilir, hələ ki heç bir qanun pozuntusu ilə bağlı məlumat daxil olmayıb”.












