“Təşkilatımızın strateji planına uyğun olaraq növbəti illərdə də regionların, ümumilikdə ölkəmizin iqtisadi inkişafı naminə layihələr icra etməyi planlaşdırmışıq”.

Bu fikri təşkilatın gələcək aylar və illər üçün planlaşdırılmış tədbirləri, istiqamətləri və məqsədləri haqqında QHT.az-a açıqlama verən “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhübbəli Nağıyev bildirib. QHT sədri regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarlarla, fermerlərlə, eləcə də, sahibkarlığa marağı olan insanlarla, gənclərlə və qadınlarla, potensial bacarıqlı iqtisadçılarla maarifləndirmə işləri aparacağını da qeyd edib: “Regionların iqtisadi inkişafında mühüm yer tutan qeyri-neft sektorunun, əsasən də turizmin, sənətkarlığın, kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində fəaliyyət göstərəcəyik”.

Qeyd edək ki, təşkilatın həyata keçirdiyi bütün layihə və fəaliyyətlərdə əsas hədəf cəmiyyətdə baş verən hadisələrə qanunvericilik çərçivəsində münasibət göstərmək, dövlətin siyasətini daim dəstəkləmək, regionların iqtisadi inkişafında tapşırılan işləri yerinə yetirməkdir. QHT-nin təqdim etdiyi bütün təkliflər və ideya müraciətləri sosial-iqtisadi inkişafla bağlıdır. İctimai Birliyin regionların iqtisadi-sosial inkişafı üçün fəaliyyətləri davam edir.

 

Pərvanə Fərhadqızı