Bu gün Hüquq və İnsan Haqları İnstitutunda "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyi tərəfindən "Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi" layihəsinin yekun tədbiri keçirildi. Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, elm xadimləri, ictimai təşkilatların nümayəndələri və millət vəkilləri iştirak etdilər.

QHT.az xəbər verir ki, tədbirin açılışında çıxış edən Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, layihənin əhəmiyyətindən bəhs edərək, belə təşəbbüslərin Azərbaycan cəmiyyətində vacib rol oynadığını vurğuladı. O, həmçinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinə layihəyə verdiyi dəstəyə görə təşəkkürünü bildirdi.

Tədbirdə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov qeyd etdi ki, Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunması uğrunda aparılan mübarizədə qeyri-hökumət təşkilatlarının rolu danılmazdır. O vurğuladı ki, Vətən müharibəsində hərbi qələbə qazanan Azərbaycan, indi informasiya müharibəsində də öz mövqeyini gücləndirməlidir:

"Biz səngərdə erməniləri məğlub etdik, lakin informasiya cəbhəsində mübarizə daha mürəkkəbdir. Rəqəmsal dövrdə hər bir mübarizə həm də informasiya müstəvisində aparılır və bu sahədə uğur qazanmaq bizim borcumuzdur. Ermənilər tərəfindən beynəlxalq arenada yaradılan dezinformasiya və təhrif olunmuş məlumatlara qarşı daha aktiv və peşəkar mübarizə aparmalıyıq. Buna görə də, belə layihələr bizim üçün çox vacibdir."

Zaur İbrahimov, həmçinin əlavə etdi ki, bu gün rəqəmsal texnologiyaların və məlumat yayımının mühüm əhəmiyyət kəsb etdiyi bir dövrdə Azərbaycan vətəndaş cəmiyyəti, xüsusən qeyri-hökumət təşkilatları rəqəmsal alətlərdən istifadə edərək Azərbaycanın həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıdır: "Bizim əcdadlarımız bizə tarixi və mədəni irs qoyub gediblər. Bu gün bizim borcumuz həmin irsi rəqəmsal alətlər vasitəsilə qoruyub saxlamaqdır. Gələcək nəsillərə və dünya birliyinə bu məlumatları ən doğru şəkildə çatdırmaq üçün belə tədbirlərin, layihələrin və rəqəmsal platformaların yaradılması çox önəmlidir."

Z. İbrahimov "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin fəaliyyətini yüksək qiymətləndirdi. O qeyd etdi ki, bu birlik Azərbaycan vətəndaş cəmiyyətində günümüzün ən aktual mövzularını əhatə edən layihələri həyata keçirərək milli maraqların qorunmasına öz töhfəsini verir. Birliyin həyata keçirdiyi "Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi" layihəsi də bu məqsədə xidmət edən ən uğurlu təşəbbüslərdən biridir.

Tədbir zamanı layihə çərçivəsində hazırlanmış film nümayiş olundu və rəqəmsal informasiya mənbələrinin önəmi ilə bağlı müzakirələr aparıldı. QHT-lər arasında əməkdaşlığın artırılması və bu sahədə yeni strategiyaların işlənib hazırlanması təklif edildi.

Qeyd edək ki, oktyabrın 24-də Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsinin yekun tədbiri keçirilib.

Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan layihə çərçivəsində “www.qerbiazerbaycanirsi.az” (“www.westernazheritage.com”) elektron bazasının və “Danışır tarix” filminin təqdimatı olub.

 

Pərvanə Fərhadqızı

QHT.az