Təhsil Nazirliyi ilə Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin (ƏSMİD) dəstəyi ilə Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbdə “Sağlam düşüncə sağlam cəmiyyətdir. Sağlamlıq imkanları məhdud şəxslərlə davranış qaydaları” mövzusunda təlimlər keçirildi.

 

QHT.az xəbər verir ki, tədbiri 23 nömrəli tam orta məktəbin direktoru Reyhan Yunisova açaraq,qonaqlar və iştirakçılar salamladı. Sonra qeyd etdi ki, bu gün “Sağlam düşüncə,sağlam cəmiyyətdir” Əlilliyi olan şəxslərlə davranış qaydaları mövzusunda təlim keçiriləcək və bu təlim siz yeniyetmələrin gələcək həyatında müsbət dönüş yaradacaq. Sonra sözü qonaqlara verdi. Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin (ƏSMİD) sədri Səbinə Kərimova iştirakçıları salamlayaraq, təşkilatın yaranması, məqsədləri və əlilliyi olan şəxslərə davranış qaydaları haqqıında geniş məlumat verdi.

 

Bildirdi ki, əsas məqsəd ümumtəhsil məktəbləri və ali təhsil müəssisələrində təhsil alan yeniyetmə və gəncləri əlilliyi olan şəxslər barədə məlumatlandırmaq və sağlamlıq imkanları məhdud olan şəxslərlə davranış qaydaları haqqında maarifləndirməkdir. Təşkilatın təşəbbüsü ilə davam edən təlimlər noyabr ayından start götürüb. Hazırda 12 məktəb və bir Universitetdə təlimlərimizi yekunlaşdırmışıq. ƏSMİD İB nəzdində fəaliyyət göstərən “Gənc Əlillərə Dəstək”mərkəzinin rəhbəri Səfanə Dadaşzadə əlilliyi olan gənclərə aid qanunvericilik aktları, bu sahədə təcrübələrin öyrənilməsi, ictimai davranış qaydaları, habelə əlil gənclərin mülki, siyasi, sosial, iqtisadi, mədəni hüquqlarının təmin edilməsi və s.mövzular üzrə təqdimatla çıxış etdi.

 

Sonda Avropa İttifaqının maliyyə dəstəyi ilə çəkilmiş “Fərqliyik, Bərabərik” sənədli filmi nümayiş olundu.

 

Qeyd edək ki, bu təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının layihəsinin davamı olaraq həyata keçirilirdi.