Yeni klinika”da “Serebral iflic və cəmiyyət” mövzusunda forum keçirilib.
QHT.az xəbər verir ki, Forumun əsas məqsədi effektiv inklüziv mühit yaratmaqla mütəxəssislər, serebral iflicin fəsadlarının qarşısını almaqda müxtəlif metodların müəllifləri və serebral iflic olan gənclər arasında praktiki təcrübə mübadiləsi üçün vahid platforma yaratmaqdır.
Tədbirdə Yeni Klinika” tibb müəssisəsinin direktor vəzifəsini icra edən baş həkim Cavid Paşayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Sabir Qocayev, Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Nazirliyin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktor müavini Nigar Məmmədova, Milli Paralimpiya Komitəsinin prezident köməkçisi və idman şöbəsinin müdiri Kamal Məmmədov və digər şəxslər iştirak edib.
Çıxışlarda serebral iflicin xüsusiyyətləri, bu xəstəlikdən əziyyət çəkən insanların reabilitasiyası, fərdi inkişafı və cəmiyyətə inteqrasiyasının əhəmiyyətindən danışılıb.
“Serebral iflic və cəmiyyət” mövzusunun həssaslığı vurğulanıb, əlilliyi müəyyən edilmiş şəxslərin inkişafına dəstək olmağın vacibliyi qeyd edilib.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov həssas əhali qruplarından olan şəxslər üçün Sabunçu və Abşeron rayonlarında yaradılan yarımstansinonar sosial xidmət mərkəzlərində sözügedən kateqoriyadan vətəndaşlarımıza göstərilən xidmətlərdən bəhs edib.
Sədr həmçinin vurğulayıb ki, Agentliyin sifarişi ilə ötən ildən istifadəyə verilən www.serebralders.az veb səhifəsi və xüsusi mobil tətbiq də serebral iflic xəstəliyindən əziyyət çəkən uşaqların valideynlərinə, onların bacarıqlarının artırılmasına, bu istiqamətdə elektron resurslardan istifadənin genişlənməsinə dəstək məqsədi daşıyır.
V.Behbudov bildirib ki, Agentlik 2021-ci ilin 1 iyun tarixində - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə 18 yaşınadək əlilliyi olan 6 yaşadək uşaqların səyyar formada sosial-psixoloji və sosial-pedaqoji reabilitasiyasına başlayıb. Bu proses hazırda da davam etdirilir. Səyyar-sosial reabilitasiya xidməti ötən il Bakının rayonları üzrə ümumilikdə 18 yaşınadək əlilliyi olan 95 nəfər uşağı əhatə edib ki, onlardan 23 nəfəri məhz serebral iflicdən əziyyət çəkənlərdir. Onların reabilitasiya dövrü artıq yekunlaşıb.












