Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qərar imzalayıb. Dəyişikliyə əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər və əxlaq normalarına, milli-mənəvi dəyərlərə zidd məlumatların yayılması qadağan olunub.

"Maddədə vurğulanan “ictimai-mənəviyyat”, “açıq hörmətsizlik” və “milli-mənəvi dəyərlər” anlayışları təsadüfi seçilməyib. Bu anlayışlar Azərbaycan cəmiyyətinin tarixi, mədəni və sosial kodları ilə bağlıdır. Qanun informasiya azadlığının cəmiyyətin daxili dəyərlər sistemindən tamamilə ayrılmamasına xidmət edir. Başqa sözlə, qanun informasiya məkanında tam sərhədsizlik yox, məsuliyyətli azadlıq yanaşmasını önə çəkir".

Bu sözləri Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu dəyişikliklər həm də göstərir ki, dövlət informasiya mühitində radikallaşma, əxlaqsızlıq və cəmiyyətə qarşı nümayişkəranə hörmətsizlik halları adi hal almasına imkan vermək niyyətində deyil. Xüsusilə gənclər, uşaqlar və həssas qrupların qorunması baxımından bu, müasir dövrün tələblərinə cavab verir. Ümumiyyətlə, qanunda edilən bu dəyişiklik ifadə azadlığı ilə ictimai azadlıq arasında daha dəqiq hüquqi çərçivə formalaşdırmağa çalışır:

"Ona real dəyəri isə tətbiq prosesində ölçülü, selektivlikdən uzaq və hüquqa əsaslanan icra praktikasında özünü göstərəcəkdir. Düzgün tətbiq olunduğu halda, bu norma informasiya məkanında sağlam mühitin formalaşmasına və ictimai davranış standartlarının qorunmasına xidmət edəcəkdir. Eyni zamanda düşünürəm ki, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə qanuna edilən dəyişikliklə bağlı şərh verməsi faydalı olardı, çünki bu, qanunun düzgün tətbiqinə dəstək verərdi. Əgər bu dəyişikliklər düzgün tətbiq olunarsa, hesab edirəm ki, qanun öz hüquqi məqsədinə çatmış olacaqdır".

 

Pərvanə Fərhadqızı