1992-ci il 14 yanvar Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələr qurulub. Türkiyə-Azərbaycan əlaqələri ilə bağlı kifayət qədər danışmaq olar. Bu sahədə çox yazılıb və danışılıb. Qardaş Türkiyə ilə diplomatik əlaqələr qurulduqdan sonra əməkdaşlığımız bütün sahələrdə sürətlə inkişaf etdi. İqtisadi, siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələr dərinləşdi.
Bu sözləri Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli QHT.az-a açıqlamasında bildirib. QHT sədri vurğulayıb ki, Azərbaycan müstəqilliyini yenicə qazanmışdı və həmin dövrdə xarici sərmayələr ölkəyə gəlməyə başladı. İlk böyük kapital qardaş Türkiyə sahibkarları tərəfindən cəlb olundu. Bu tendensiya geniş şəkildə yayıldı. Mədəniyyət, hərbi və təhlükəsizlik sahələrində də əlaqələr gücləndi:
"Azərbaycan ordusunu yenicə qurmağa başlayırdı. Həmin dövrdə Türkiyə ilə birlikdə hərbi təlimlər keçirildi, türk mütəxəssisləri informativ təcrübə və məsləhətlər verdi. Bu təlimlər zaman keçdikcə öz müsbət nəticələrini göstərdi. Nəticədə Azərbaycan ən modern ordu quruculuğuna sahib oldu və peşəkar hərbi hissələr formalaşdı. Bütün bunların nəticəsi 2020-ci ildə Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad olunması oldu. Həmin müharibə zamanı qardaş Türkiyə Azərbaycanın yanında oldu və mənəvi dəstəyini göstərdi. Həmçinin Azərbaycan və Türkiyə arasında zəruri əməkdaşlıq prosesi başladı. Bu prosesin nəticəsi olaraq Şuşa Bəyannaməsi imzalandı. Bu strateji sənəd dünyada və regionda sabitliyə xidmət edən mühüm baza rolunu oynadı".
Pərvanə Fərhadqızı












