Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qərar imzalayıb. Dəyişikliyə əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər və əxlaq normalarına, milli-mənəvi dəyərlərə zidd məlumatların yayılması qadağan olunub.
“İnformasiya” qanununa edilən son dəyişikliklər mahiyyət etibarilə cəmiyyətin uzun müddət müzakirə etdiyi, lakin normativ müstəvidə açıq qalan boşluğun aradan qaldırılmasına yönəlib. Söhbət informasiya azadlığının məhdudlaşdırılmasından yox, onun ictimai məsuliyyət çərçivəsində dəqiqləşdirilməsindən gedir. Yeni əlavə olunan maddə ilk növbədə göstərir ki, dövlət informasiya məkanında baş verən proseslərə laqeyd yanaşmır və ictimai məkanda nümayiş etdirilən davranışların cəmiyyətə təsirini nəzərə alır".
Bu sözləri Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, xüsusilə sosial şəbəkələrin, açıq platformaların və KİV-in təsir gücü fonunda bu məsələ artıq təkcə etik deyil, həm də ictimai-sosial harmoniya məsələsinə çevrilir:
"Qanunda diqqəti çəkən əsas məqam odur ki, dəyişiklik şəxsi həyatın, fərdi ifadə azadlığına müdaxilə etmədən yalnız kütləvi nümayiş edilən, yəni açıq-ictimai mühitə çıxarılan məzmunu əhatə edir. Bu isə hüquqi baxımdan müsbət və peşəkar yanaşmanın göstəricisidir".
Pərvanə Fərhadqızı












