Gəncə yaşayan Ayanın (ad şətridir) valideynləri ayrılıb. Onun qardaşı anası ilə qalır. Ayan isə atası ilə qalmağa məcbur edilib. Yaxınlarının dediyinə görə, aliment ödəməsin deyə ata uşağı anaya vermir. Eyni zamanda Ayana məktəbə getməyə icazə vermir. O, evdə xəstə bibisinə qulluq edir. Uşaq əməyinin bu formada istismar edilməsi, üstəlik onun təhsildən uzaqlaşdırılması gələcəkdə daha böyük problemlərə yol açır. Mütəxəssislər artıq belə halların sayının artması ilə bağlı həyəcan təbili çalır. 

 

“Təmas” Regional İnkişaf İctimai Birliyinin rəhbəri Kubra Ələkbərova həmin ailədə uşaq əməyin istismarının qarşısını almaq məqsədilə qəyyumluq orqanlarına müraciət edildiyini bildirib. Hazırda hüquq-mühafizə orqanları araşdırmalar aparır.  Onun sözlərinə görə, ailələrdə belə hallar çoxdur: 

“Bizim təcrübəmizdə uşaq əməyinin istismarına tez-tez rast gəlirik. Evdə yaşlı nənə-babaya baxmaq üçün təhsildən yayındırılan uşaqlar var. Əvvəlki dövrlərdə uşaq 3 gün məktəbə gəlməyəndə 4-cü gün məktəbdən evə zəng olunurdu, xəbərdarlıq göndərilirdi, məlumat istənilirdi. Bu gün xüsusilə, aztəminatlı ailələrin uşaqları təhsildən yayınırlar, yaxşı oxumurlar. Bəzən davranışlarında müəyyən problemlər olur. Onlar məktəbə gəlməyəndə məktəb daha da “sevinir”, problemin azaldığından bir növ rahatlayır. Gedib o uşağı axtarmır. Ancaq onunla bağlı məktəb ölçü götürməlidir. Uşaq dərsə gəlməsinin səbəbləri araşdırılmalıdır. Ancaq bunlar yoxdur. Çünki o problemin həllinə məktəb heç bir köməklik göstərə bilmir. Məktəbdə təhsildən yayınan, zəif oxuyan uşaqlarla bağlı heş bir proqram yoxdur. Bütün bunlar uşaqların normal təhsil almasına ciddi mənfi təsir göstərir”. 

 

Uşaqların asudə vaxtının təşkili ilə bağlı fəaliyyətlər olmadığını vurğulayan K.Ələkbərova idman zallarının, dərnəklərin ödənişli olduğunu bildirib. Bu səbəbdən uşaqların boş vaxtlarını daha çox küçə ticarəti, istirahət mərkəzlərində işləməklə keçirdiklərini deyib: 

“İdman zalları, mərkəzləri dövlət vəsaiti hesabına tikilsə də uşaqları pulsuz cəlb edə bilmirsən. Təhsil proqramları da uşaqlar üçün çox yorucudu. Təhsilimiz insan yönümlü deyil, daha çox elmə əsaslanır. Uşaqlar sosial bacarıqlardan məhrumdular. Çünki onu öyrədən olmayıb. Bunu öyrədən təhsil sistemimiz yoxdur. Uşağın dərs saatları müddətində küçədə alış-verişlə məşğul olduqlarını da tez-tez müşahidə edirik. Bu çox ciddi məsələdir. Ancaq heç kəs ondan soruşmur ki, sən dərs vaxtı küçədə nə edirsən, niyə burda dayanmısan? Uşaqlar küçələrdə nəzarət qaldıqda narkotiklərin daşınmasına cəlb olunurlar. Yaxud, məktəb daxilində həmin maddələrin yayılmasına “yardımçı” olurlar. Yol kənarlarındakı istirahət mərkəzlərində, çayxanalarda işləyən uşaqlara tez-tez rast gəlirlik. Kim həmin sahibkara sual verir ki, sən bu uşağı niyə işlədirsən? Sahibkarın da məsuliyyəti yoxdur. Bütün bunlar da sonda uşaq əməyinin istimarına rahat yollar açır”. 

Uşaqların bu şəkildə istifadə olunmasının çox ciddi fəsadlar doğurduğunu deyən K.Ələkbərova ən önəmli məqamın təhsildən yayınmaları olduğunu vurğulayıb. Xüsusilə, regionlarda uşaq əməyinin istismarının daha qabarıq formada üzə çıxdığını deyib: 

 

“Bu gün biz təhsildən yayınan uşaqların sayının artmasını görürük. Xüsusilə, ucqar dağ kəndlərində bu daha çoxdur. Çünki orada təhsil müəssisələri əlçatan deyil, uzaq ərazilərdə yerləşir. Uşaqların oraya gediş-gəlişi təmin olunmur. Yaxud, uşaq az olduğu üçün məktəb formal olaraq işləyir, ancaq reallıqda uşaqlar məktəbə getmirlər. Regionlarda sosial-iqtisadi vəziyyətin ağır olması uşaq əməyindən istifadə olunması statistikasını yüksəldir. Uşaqlar ailələrdə ev və təsərrüfat işlərinə cəlb olunması geniş yayılıb. Siz ucqar dağ kəndlərində uşaqların mal, qoyun otardığını görə bilərsiz. Bundan başqa, xidmət sektorunda çox çalışırlar. İstirahət mərkəzlərində azyaşlı uşaqların ofisiant kimi işlədilməsinə rast gələ bilərsiz. Bununla bağlı ciddi işlər görülməlidir. Həmin obyektlərə ciddi nəzarət edilməli, tez-tez monitorinqlər aparılmalıdır ki, uşaqların işlədilməsinin qarşısı alınsın. Uşağın dərs saatları müddətində küçədə alış-verişlə məşğul olduqlarını da tez-tez müşahidə edirik. Bu çox ciddi məsələdir”. 

 

K.Ələkbərova uşaq əməyinin istismarında dövlət qurumları ilə yanaşı valideynlər məsuliyyətsizliyinin də payının çox olduğunu deyib. Uşağını təhsildən yayındıranların buna görə cəzasız qalması problemi dərinləşdirir: 

 

“Hazırda bizim sığınacaqda bir qadın var. Onun şəxsiyyətini təsdiq edən sənədi yoxdu. Buna görə onun 2 uşağının da sənədi yoxdu. Uşaqlar artıq məktəb yaşındadı. Qadının doğum haqqında şəhadətnaməsi olsa da yaşayış yeri olmadığı üçün qeydiyyata düşə bilmir. Buna görə də həmin uşaqlar bu gün ortalıqda qalıb. Onlar dilənçiliyə sövq olunur, əməyi istismar olunur, təhsil yaşları ötür. Gələcəkdə fərdi təhsilə cəlb olunması məsələləri üzə çıxacaq. Bu da sonda onları məişət zorakılığı, ardında insan alveri qurbanlarına çevirəcək. Belə hallar bu gün ölkədə artır. Çünki polis orqanlarında qeydiyyata düşmək mümkün deyil. Beləliklə, insanlar, uşaqlar potensial insan alveri qurbanına çevrilir”. 


Mütəxəssislər həyəcan təbili çalır, qanunvericilik isə alternativ yolları bağlayır. Uşaq əməyinin istismarının fəsadları isə günbəgün dərinləşir. Gələcəyimiz naminə bu barədə ciddi düşünməyə dəyər.  
 

Fərqanə Allahverdiqızı

 

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyi tərəfindən icra olunan “COVID-19 postpademiyası dövründə insan alveri və ona qarşı mübarizə tədbirləri çərçivəsində genişləndirilmiş maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində hazırlanıb. Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir.