"Müəllimlər üçün sertifikasiyanın nəticəsi açıqlandıqdan sonra İctimai Şuraya bir çox suallar ünvanlanır və müəyyən rəylər istənilir. Sertifikasiya ilə bağlı proses başlayanda da qeyd etdiyimiz kimi, bu proses alqışalayiqdir. Hər kəs övladlarına ən yaxşı müəllimlərin dərs keçməyini istəyir, deyim ki, özünə güvənən və savadlı müəllimlər artıq sertivikasiyadan keçib".

QHT.az xəbər verir ki, bu sözləri Elm və Təhsil nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib. QHT sədri qeyd edib ki, tənqid inkişafa səbəb ola bilir, amma nəzərə alaq ki, ilk sınaqda uğurlu nəticə göstərməyən hər kəsə 1 il müddət verildi, bu heç də az müddət deyil: "Təhsildə əsas təhsilalan, yəni şagirddir. Əminəm ki, təkcə orta ümumtəhsildə yox, ali təhsildə də təhsilin keyfiyyəti artacaq, müəllim peşəsinə ən yaxşılar yiyələnəcək. Güclü dövlət, rifahlı gələcək, yüksək yaşam, bir sözlə hər şey təhsilə bağlıdır. Təhsilli cəmiyyət uğurlu dövlətin açarıdır. Hamımızın istəyi təhsilli cəmiyyətdir. O cəmiyyəti birgə qurmalıyıq. Hər kəs təhsil üçün çalışsa, hədəfə çatarıq və hədəfimiz təhsilli cəmiyyətdir".

 

Pərvanə Fərhadqızı