"Məktəblərdə təhlükəsizlik dedikdə ilk növbədə mühafizəçi, müşahidə kameraları və giriş-çıxış nəzarəti nəzərdə tutulur. Bu tədbirlər vacib olsa da, təhlükəsizliyin təmin olunması üçün digər mühüm amillərin də nəzərə alınmasına ehtiyac var".
Bu fikirləri “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova QHT.az-a açıqlamasında bildirib.
Nailə İsmayılova baş verən silahlı hücum hadisələrinin təhlükəsizlik məsələsini gündəmə gətirdiyini bildirib:
"Türkiyədə məktəb qarşısında baş verən silahlı hücum və Bakıda “İdrak” liseyində müəllimin silahla yaralanması məktəblərdə təhlükəsizlik məsələsinə daha geniş aspektdən yanaşılmasının vacibliyini göstərir".
N. İsmayılovanın sözlərinə görə, məktəblərdə təhlükə siqnallarının əvvəlcədən müəyyənləşdirilməsi və erkən müdaxilə sistemi yaradılmalıdır:
"Məktəblərdə yalnız silahın təhsil müəssisəsinə necə daxil olmasının deyil, hadisədən əvvəl hansı xəbərdarlıq siqnallarının mövcud olduğunun da araşdırılması vacibdir. Məktəblərdə fiziki təhlükəsizliklə yanaşı, erkən xəbərdarlıq və müdaxilə sisteminin yaradılmasına ehtiyac var. Şagirdin davranışında kəskin dəyişiklik, davamlı aqressiya, ciddi konfliktlər, təhdid xarakterli ifadələr, zorakılığa meyl və ya intiqam düşüncələri müşahidə edildikdə, bu hallar yeniyetməlik dövrü ilə əlaqələndirilərək diqqətdən kənarda saxlanılmamalıdır".
Nailə İsmayılova vurğulayıb ki, şagirdlərin davranışındakı dəyişikliklərə diqqət yetirilməli və məktəb psixoloqlarının rolu gücləndirilməlidir:
"Qeyd olunan əlamətlər uşağın təhlükəli olduğu anlamına gəlmir. Lakin bu hallar onun probleminə vaxtında diqqət yetirilməsinin vacibliyini göstərir. Bu baxımdan məktəb psixoloqlarının rolu xüsusi əhəmiyyət daşıyır. Psixoloq yalnız problem yarandıqdan sonra prosesə qoşulan şəxs olmamalı, şagirdlərin özlərini rahat ifadə edə bildikləri və etibar etdikləri mühitin formalaşdırılmasına da töhfə verməlidir".
Sədr bildirib ki, müəllimlərin riskli davranışları vaxtında müəyyənləşdirməsi üçün onların xüsusi hazırlığı vacibdir:
"Müəllimlər şagirdlərin davranışındakı dəyişiklikləri vaxtında müşahidə etmək və onları düzgün istiqamətləndirmək üçün xüsusi hazırlıq keçməlidirlər. Riskli davranışın vaxtında müəyyən edilməsi mümkün təhlükənin qarşısının alınmasında mühüm mərhələ hesab olunur".
N. İsmayılovanın sözlərinə görə, məktəb və valideyn arasında əməkdaşlıq təhlükəsizliyin təmin olunmasının əsas istiqamətlərindən biridir:
"Təhlükəsizliyin təmin olunmasında valideyn-məktəb əməkdaşlığı da mühüm amillərdən biridir. Şagirdin davranışında ciddi dəyişiklik müşahidə edildikdə, məktəb bu barədə valideynləri məlumatlandırmalı, valideynlər isə yaranmış problemin həllini yalnız məktəbin üzərinə qoymamalıdırlar. Uşağı dinləyən və vəziyyət ağırlaşmadan müdaxilə edə bilən böyüklərdən ibarət təhlükəsizlik şəbəkəsinin formalaşdırılması vacibdir".
Nailə İsmayılova qeyd edib ki, məktəblərə silah gətirilməsinin qarşısının alınması ilə yanaşı, evdə saxlanılan silahların uşaqlar üçün əlçatan olmaması da təmin edilməlidir:
"Silah məsələsində isə güzəştə yol verilməməlidir. Məktəbə silah və digər təhlükəli vasitələrin gətirilməsinin qarşısının alınması məqsədilə mövcud nəzarət mexanizmləri mütəmadi yoxlanılmalı və mümkün zəif nöqtələr müəyyən edilməlidir. Təhlükəsizlik yalnız məktəbin girişində təmin olunmamalıdır. Evdə silah saxlanıldığı halda onun uşağın əlinə keçməməsi üçün məsuliyyətli davranmaq da ailənin üzərinə düşür. Təhlükəli vasitənin uşağın əlinə keçməsi saniyələr çəkə bilər, lakin bunun nəticələrini aradan qaldırmaq illər tələb edə bilər".
Sədr vurğulayıb ki, məktəblərdə təhlükəsizlik siyasəti müxtəlif istiqamətləri əhatə edən vahid sistemə çevrilməlidir:
"Bu baxımdan məktəblərdə təhlükəsizlik siyasətinin yenilənməsinə ehtiyac var. Fiziki mühafizə, psixoloji xidmət, müəllimlərin hazırlığı, valideynlərlə əməkdaşlıq və risklərin erkən müəyyənləşdirilməsi vahid təhlükəsizlik sistemi çərçivəsində birləşdirilməlidir".
Nailə İsmayılova bildirib ki, məktəblərdə əsas məqsəd hadisə baş verdikdən sonra deyil, risk yaranan ilk mərhələdə müdaxilə etmək olmalıdır:
"Məktəbdə təhlükəsizlik yalnız hadisə baş verdikdən sonra tədbir görülməsi ilə məhdudlaşmamalıdır. Əsas məqsəd hadisəyə aparan siqnalların vaxtında müəyyən edilməsi və risklərin qarşısının alınması olmalıdır. Uşaqların təhlükəsizliyinin yalnız məktəbə daxil olduqları andan deyil, problem yaşadıqları ilk mərhələdən etibarən təmin edilməsi vacibdir".
Fatimə Nəbiyeva












